Giriş verilənlərinin emalı

   Python proqramlaşdırma dilində giriş verilənlərini daxil etmək üçün input() funksiyasından istifadə olunur. Bu funksiya klaviaturdan daxil edilənləri sətir tipində özündə saxlayır.

message = input()
print(message)

    Burada istifadəçinin daxil etdiyi giriş veriləni input() funksiyası ilə oxunub message dəyişəninə mənimsədilir.

   input() funksiyası istəyə görə parametrli və parametrsiz istifadə oluna bilər. Parametrsiz istifadə edildiyi zaman yuxarıdakı misalda olduğu kimi mötərizənin içi boş buraxılmalıdır. Əgər istifadəçiyə daxil etdiyi məlumatla bağlı göstəriş vermək tələb olunursa, funksiya aşağıda göstərilən qaydada parametrlə istifadə edilə bilər:

message = input("İsmarışınızı daxil edin: ")
print(message)

   Lazım gələrsə, daxil edilən sətir tipli məlumatı bütövlükdə elə “isti-isti” böyük və ya kiçik hərfə çevirmək olar. Bunun üçün müvafiq olaraq upper()lower() string metodlarından istifadə etmək lazımdır:

message1 = input().upper()
message2 = input().lower()
print(message1)
print(message2)

   Əgər daxil edilən sətrin tərsini əldə etmək tələb olunursa, bunu ən asan şəkildə aşağıdakı kimi edə bilərsiniz:

s = input()[::-1]
print(s)

   Yuxarıda qeyd etdik ki, input() funksiyası ilə klaviaturdan daxil edilənlər sətir tipində qəbul edilir. Əgər daxil edilən giriş verilənləri ilə ədəd kimi işləmək istəyiriksə, onları int() və ya float() funksiyaları ilə (müvafiq olaraq tam və ya həqiqi) ədəd tipinə çevirmək lazımdır:

a=int(input())
b=int(input())
k=float(input())
print(a+b)
print((a+b)*k)

      Giriş verilənləri həm ayrı-ayrı sətirlərdə, həm də tək sətirdə verilə bilər. Gəlin hər iki durumla bağlı verilənlərin emalını nəzərdən keçirək.

  Aşağıdakı nümunədə giriş verilənləri ayrı-ayrı sətirlərdə verilmişdir:

alma
armud

  Bu verilənləri oxumaq üçün, onların hər biri üçün input() funksiyasından istifadə edilməlidir:

s1 = input()
s2 = input()

   Bu nümunədə isə giriş verilənləri (aralarında boşluq olmaqla) tək sətirdə verilir:

alma armud

  Bu halda giriş verilənlərini tək bir input() funksiyası ilə bütöv bir sətir kimi oxumalı və daha sonra ayrı-ayrı hissələrə ayırmalıyıq. Bunun üçün əlavə olaraq split() metodundan və massivdən istifadə olunmalıdır:

mas = input().split()
s1 = mas[0]
s2 = mas[1]

   Burada əvvəlcə sətir oxunur və ondan elementləri sətir tipdə olan massiv düzəldilir. Daha sonra s1s2 dəyişənlərinə müvafiq olaraq massivin birinci və ikinci elementləri mənimsədilir.

Eyni məqsəd üçün aşağıdakı üsuldan da istifadə etmək olardı:

s1, s2 = input().split()

   Əgər verilmiş sözlər boşluqla deyil, vergül ilə ayrılmış olsaydı, ilk ifadəni input().split(“,”) şəklində yazmalı olacaqdıq.

   Giriş verilənləri tək sətirdə verilmiş bir neçə ədəddən ibarət olduqda, yenə də split() metodu tətbiq edilməlidir. Lakin split() metodu elementləri sətir tipində olan massiv düzəltdiyinə görə, biz bu elementləri ədəd tipinə çevirməyin qeydinə qalmalıyıq. Bu məqsədlə əlavə olaraq map() funksiyası və əldə olunmuş nəticəni yenidən massiv kimi təqdim etmək üçün də list() funksiyası istifadə edilməlidir. Qeyd edək ki, map() funksiyası iki parametrlə çağrılır. Bunlardan birincisi verilmiş ardıcıllığa toplu halda tətbiq edilən funksiya, ikincisi isə ardıcıllığın özüdür.

   Aşağıdakı nümunədə giriş verilənləri (aralarında boşluq olmaqla) tək sətirdə verilmiş tam ədədlərdən ibarətdir:

1 3 8 15 23 37

  Gəlin bu ədədlərin ədədi ortasını hesablayan proqram tərtib edək:

mas = list(map(int,input().split()))
n = len(mas)
s = 0
for i in mas:
    s+=i
print(s/n)

   Bir çox halda giriş verilənləri iki ölçülü massiv şəklində verilir. Məsələn aşağıdakı kimi:

3 3
1 2 3
4 5 6
7 8 9

   Burada ilk sətirdə massivin sətir və sütünlarının sayı, ikinci sətirdən etibarən isə massivin elementləri verilmişdir. Aşağıdakı proqram bu massivin elementlərinin ədədi ortasını hesablayır:

dim = list(map(int,input().split()))
n = dim[0]
m = dim[1]
mas = []
for i in range(n):
    mas.append(list(map(int,input().split())))
s = 0
for i in range(n):
    for j in range(m):
        s+=mas[i][j]
print(s/(n*m))

   Beləliklə Siz Python proqramlaşdırma dilində klaviaturdan daxil edilən giriş verilənlərinin emalını öyrənmiş oldunuz.