Simvolların müəyyən edilməsi

   Klaviaturdan daxil edilən simvolun böyük hərf, kiçik hərf, rəqəm və ya digər simvol olmasını yoxlamaq mümkündür. Bildiyiniz kimi hər bir simvolun ASCII kodu vardır və simvolların kod cədvəlində böyük hərflər, kiçik hərflər və rəqəmlərin kodları ardıcıl şəkildə düzülmüşdür.

  Əvvəlcə köməkçi bir proqram yazıb A..Z, a..z, 0..9 simvollarının ASCII kodunu öyrənə bilərik. Bunun üçün verilmiş simvolun kodunu müəyyən edən ord() funksiyasından istifadə edəcəyik:

print("A..Z: {0}..{1}".format(ord("A"),ord("Z")))
print("a..z: {0}..{1}".format(ord("a"),ord("z")))
print("0..9: {0}..{1}".format(ord("0"),ord("9")))

    Proqramı çalışdırsaq, ekranda bu simvolların kod ardıcıllıqlarını görəcəyik:

A..Z: 65..90
a..z: 97..122
0..9: 48..57

    İndi isə istifadəçinin klaviaturdan daxil etdiyi simvolun böyük hərf, kiçik hərf, rəqəm və ya digər simvol olmasını onun koduna əsasən müəyyən edən proqram tərtib edək.

c = input()
kod = ord(c)
if kod in range(65,91):
    print("böyük hərf")
elif kod in range(97,123):
    print("kiçik hərf")
elif kod in range(48,58):
    print("rəqəm")
else:
    print("digər simvol")