Tiplərin müəyyən edilməsi

   Bildiyiniz kimi proqramlarda istifadə edilən qiymət və dəyişənlər hökmən bir tipə aid olmalıdır. Bəzən bu verilənlərin hansı tipə mənsub olduğunu öyrənmək lazım gəlir. 

  Bunun üçün type() funksiyasından istifadə olunur:

>>> type("Salam Azərbaycan")
<class 'str'> 
>>> paytaxt = "Bakı"
>>> type(paytaxt) 
<class 'str'> 
>>> n = 9600000 
>>> type(n) 
<class 'int'> 
>>> n = 86.6 
>>> type(n) 
<class 'float'> 
>>>

   Gəlin nümunələri incələyək. Əvvəlcə biz “Salam Azərbaycan” qiymətinin tipini soruşduq. Növbəti sətirdə ekrana bu tipin str (sətir) olduğu haqda məlumat çıxdı. Sonra biz paytaxt dəyişəninə “Bakı” qiymətini mənimsətdik və bu dəyişənin tipini soruşduq. Məlum oldu ki, paytaxt dəyişəni də str tipindədir. Daha sonra biz n dəyişəninə 9600000 qiymətini verib onun tipini müəyyən etdik. Ekrana çıxan məlumatdan gördük ki, n dəyişəni int (tam ədəd) tipindədir. Və nəhayət ən sonda biz həmin n dəyişəninə bu dəfə 86.6 qiymətini mənimsətdik və tipini soruşduq. Bu dəfə məlum oldu ki, n dəyişəni öz tipini dəyişərək indi də float (həqiqi ədəd) tipinə mənsub olub. Bu ona görə baş verdi ki, n dəyişəninə ikinci dəfə qiymət olaraq həqiqi ədəd mənimsətmişdik. 

Tiplərin müəyyən edilməsi” üçün bir şərh

Şərh üçün bağlıdır.