Maraqlı ədədlər

   Hesab aləmində çoxlu maraqlı ədədlər vardır. Belə ədədlərə nümunə kimi rəqəmlərinin cəmi onların hasilinə bərabər olanları göstərmək olar. Məsələn 22 ədədi kimi (2+2=2×2).

old-typeset-numbers

   Sizdən N-rəqəmli belə ədədləri tapmaq tələb olunur. Verilmiş N (N < 10) üçün həmin ədədlərin sayını və onlardan ən kiçiyini ekrana çıxarın.

Giriş verilənlərinin formatı

   Tək sətirdə 10-u aşmayan N ədədi verilir.

Çıxış verilənlərinin formatı

   Çıxışa tək sətirdə bir-birindən boşluq işarəsi ilə ayrılmış iki ədəd ‒ axtarılan ədədlərin sayı və onlar arasından ən kiçiyini verməli.

Nümunə
Giriş verilənləri Çıxış verilənləri

1

10 0

   Proqramı özünüz tərtib etməyə çalışın. Əgər alınmasa, aşağıdakı həllər ilə tanış olun.

Həll – 1

screen shot 2019-01-19 at 14.38.58

Həll – 2

screen shot 2019-01-20 at 19.12.58

Mənbə: https://www.e-olymp.com

Kibrit çöpləri

   Tərəfi bir kibrit çöpündən ibarət olan n kvadratı müstəvi üzərinə düzmək üçün minimum hansı sayda kibrit çöpü lazımdır? Kibrit çöplərini sındırmaq və bir-birinin üzərinə qoymaq olmaz. Kvadratların təpə nöqtələri kibrit çöplərinin uclarının birləşdiyi nöqtələr, tərəfi isə kibrit çöplərinin özüdür.

match-head-2147916_1280

   Kvadratların n sayına görə elə proqram tərtib edin ki, onu düzəltmək üçün lazım olan kibrit çöplərinin minimum sayını tapsın.

Giriş verilənlərinin formatı

   Tək sətirdə yeganə bir tam n ( 1 ≤ n ≤ 10) ədədi verilir.

Çıxış verilənlərinin formatı

   Çıxışa tək sətirdə bir tam ədəd – verilmiş sayda kvadratın qurulması üçün tələb olunan kibrit çöplərinin minumum sayını verməli.

Nümunə

4 

12

   Proqramı özünüz tərtib etməyə çalışın. Əgər alınmasa, aşağıdakı həll ilə tanış olun:

screen shot 2019-01-13 at 19.43.46

Mənbə: https://www.e-olymp.com

Python dilində şərhlər

   Kiçik proqramlar kod olaraq heç yarım səhifə də olmur. Amma gələcəkdə proqramlarınızın həcmi onlarla, hətta yüzlərlə səhifə olacaq. Proqramlarınız böyüdükcə onların mürəkkəbliyi də artacaq. Bunun tərsi də doğrudur, daha mürəkkəb proqramlar daha çox həcmə sahib olacaq. Hətta elə olacaq ki, bir proqram layihəsi üzərində komanda olaraq çalışacaqsınız. 

   Belə olan halda proqram komanda üzvləri arasında bölüşdürüləcək və hər kəs öz hissəsi üzərində çalışacaq. Amma istənilən halda bütün komanda üzvlərinin proqram kodlarının tamamını oxuması və anlaması zəruridir. Əlbəttə sadə şeyləri hər kəs rahatlıqla anlaya bilər, amma bəzən elə mürəkkəb alqoritmlər ortaya çıxacaq ki, onların başqa proqramçılar tərəfindən anlaşılması üçün əlavə izahata ehtiyac duyulacaq. Həm bəzən elə olacaq ki, zaman keçdikcə öz yazdıqlarımızı özümüz anlamaqda çətinlik çəkəcəyik. Bax belə vəziyyətlərdə proqram kodlarına yazılmış şərhlər işimizə çox yarayacaq. 

   Bütün proqramlaşdırma dillərində olduğu kimi, Python dilində də şərhlərdən istifadə olunur. Proqram daxilində yazılan bu şərhlər interpretator tərəfindən iqnor edilir, yəni interpretator onları görməzdən gəlir və nəzərə almır. Python dilində tək sətirli (#) və çox sətirli (“””) şərhlərdən istifadə olunur. 

   Gəlin ən son yazdığımız toplama proqramının ayrı-ayrı hissələrini şərhlərdən istifadə edərək başqaları üçün daha anlaşıqlı edək:

>>> # Klaviaturdan birinci ədədin daxil edilməsi  
>>> a=input("1-ci ədədi daxil edin: ") 
1-ci ədədi daxil edin: 22 
>>> # Klaviaturdan ikinci ədədin daxil edilməsi 
>>> b=input("2-ci ədədi daxil edin: ") 
2-ci ədədi daxil edin: 33 
>>> # a və b dəyişənlərinin tam ədəd tipinə çevrilməsi 
>>> c=int(a)+int(b) 
>>> print("Ədədlərin cəmi: ",c) # Nəticənin çapı 
Ədədlərin cəmi: 55 
>>>

   Gördüyünüz kimi bu proqramın kodlarını oxuyub anlamaq indi daha asan oldu. Biz burada dörd fərqli yerdə # simvolundan sonra şərhlərdən istifadə etdik. İlk üç şərh proqram ifadələrindən öncə yazıldı, son şərh isə proqram ifadəsi ilə eyni sətirdə yazıldı. Əlbəttə bunun elə də bir fərqi yoxdur, şərhləri necə və harda istəyirsinizsə elə də yazın. 

   Lakin bir şeyi unutmayın ki, əgər şərhi proqram kodu ilə eyni bir sətirdə yazmaq istəyirsinizsə bunu koddan sonra edin. Çünki interpretator # simvolundan sonra gələn və sətrin sonuna qədər davam edən hər şeyi şərh kimi qəbul edəcək.

   İndi isə çox sətrli şərhlərin istifadəsini nəzərdən keçirək. Yuxarıda demişdik ki, çox sətrli şərhlər üç qoşa dırnaq (“””) işarələri arasında yazılır. Amma burada qeyd ki, çox sətrli şərhlərdən interpretatorun əmrlər rejimində istifadə etmək mümkün deyil. Əgər interaktiv rejimdə bir neçə sətirdən ibarət şərh yazmaq istəyirsinizsə, o zaman hər sətrin önündə # simvolunu yazmaqla tək sətirli şərhlər yazmalısınız. 

   Lakin Python-un skript fayllarında üç qoşa dırnaq (“””) işarələrindən istifadə etməklə çox sətirli şərhlərin yazılması mümkündür. Xatırlayırsınızsa biz ilk dərslərimizin birində qeyd etmişdik ki, Python proqramlarını həm interaktiv rejimdə, həm də skript adı verilən proqram fayllarında yazmaq mümkündür. Biz Sizinlə hələ ki, Python dilini yeni-yeni öyrənməyə başladığımıza görə bütün proqramlarımızı interaktiv rejimdə yazırıq. Amma Siz bu yolda kifayət qədər məsafə qət etdikdən sonra proqramlarınızı fayllarda yazacaqsınız. 

   Gəlin çox sətirli şərhləri skript faylında nəzərdən keçirək. Bunun üçün nümunə kimi toplama proqramının ikinci variantından istifadə edəcəyik.

   Skript faylını meydana gətirmək üçün aşağıdakı əməliyyatları ardıcıllıqla yerinə yetirin:

  1. IDLE mühitində əsas menyudan File —> New File opsiyasını seçin.
  2. Qarşınıza çıxan yeni redaktor pəncərəsində aşağıdakı proqram kodunu yazın:
  3. Menyudan File —> Save opsiyasını seçməklə proqramı yaddaşa verin.
  4. Menyudan Run —> Run Module opsiyasını seçməklə proqramı icra edin. 
a=int(input("1-ci ədədi daxil edin: ")) 
b=int(input("2-ci ədədi daxil edin: ")) 
""" 
Burada input() funksiyası ilə daxil edilən ədədlər 
sətir tipindədir. Onları a və b dəyişənlərinə 
mənimsətmədən öncə int() funksiyasından istifadə 
etməklə tam ədəd tipinə çevirmək lazımdır. 
"""  
c=a+b 
print("Ədədlərin cəmi: ",c)

   Yuxarıdakı proqram icra olunduqda Python Shell pəncərəsində qarşınıza aşağıdakı mənzərə çıxacaq:

>>>  
1-ci ədədi daxil edin: 22 
2-ci ədədi daxil edin: 33 
Ədədlərin cəmi:  55 
>>>

   Gördüyünüz kimi proqram mətnində üç qoşa dırnaq (“””) işarələri arasına aldığımız şərhlərdən ibarət sətirlər interpretator tərəfindən nəzərə alınmadı və ekrana çıxarılmadı.

 

input() funksiyası

   Gəlin aşağıdakı proqramı bir daha nəzərdən keçirək:

>>> sinifkom = "Arzu" 
>>> cins = "qız" 
>>> print("Sinif nümayəndəsi "+sinifkom+" "+cins+"dır.") 
Sinif nümayəndəsi Arzu qızdır. 
>>>

   Biz sinifkom və onun cinsini proqram mətnində özümüz qeyd edirdik. Amma bir çox halda tələb olunur ki, verilənləri istifadəçi özü klaviaturdan daxil etsin. Yəni biz elə bir proqram yazmalıyıq ki, bu proqram bütün siniflərə aid olsun, və hər sinfin sinifkomu kimdir və cinsi nədirsə, hər kəs özü bunu klaviaturdan daxil edə bilsin. Bunun üçün biz input() funksiyasından istifadə etməliyik.

   input() funksiyası çağırıldığı zaman proqram istifadəçinin klaviaturdan məlumatı daxil etməsini gözləyir. İstifadəçi məlumatı daxil edib enter düyməsinə vurduqdan sonra funksiya bu məlumatı  sətir tipində özündə saxlayır. Nəzərinizə çatdırım ki, input() funksiyası istəyə görə parametrli və parametrsiz istifadə oluna bilər. Bu funksiya parametrsiz istifadə edildiyi zaman mötərizənin içi boş buraxılmalıdır. Əgər istifadəçiyə daxil etdiyi məlumatla bağlı göstəriş vermək istəyirsinizsə, input() funksiyasını parametrlə istifadə etməlisiniz, məsələn:

input("Sinifkomun adını daxil edin: ")

   Burada qeyd etmək lazımdır ki, input() funksiyasının parametri sətir tipində olub dırnaq arasında yazılmalıdır. Parametr kimi yazılan informasiya olduğu kimi ekrana çıxacaq.

   Gəlin bütün bu deyilənlərdən sonra sinifkom proqramını bir az da təkmilləşdirək:

>>> sinifkom = input("Sinifkomun adını daxil edin: ") 
Sinifkomun adını daxil edin: Arzu 
>>> cins = input("Sinifkomun cinsini daxil edin: ") 
Sinifkomun cinsini daxil edin: qız 
>>> print("Sinif nümayəndəsi "+sinifkom+" "+cins+"dır.") 
Sinif nümayəndəsi Arzu qızdır. 
>>>

   Nə baş verdi? Əvvəlcə biz istifadəçiyə göstəriş verdik ki, o sinifkomun adını daxil etsin. İstifadəçi Arzu yazıb enter düyməsinə vurduqda sinifkom dəyişəni Arzu qiymətini özündə saxladı. Eyni qayda ilə biz istifadəçidən sinifkomun cinsini daxil etməsini istədik. İstifadəçi qız yazıb enter düyməsinə vurduqda bu dəfə cins dəyişəni qız qiymətini yadında saxladı. Və nəhayət ən sonda print əmri vasitəsilə sinif nümayəndəsinin Arzu, cinsinin də qız olduğu haqda məlumatı ekrana çıxardıq. Bu qədər sadə. 

   İstəsəniz bu proqramı aşağıdakı kimi daha da inkişaf etdirə bilərsiniz:

>>> sinif = input("Sinfinizi daxil edin: ") 
Sinfinizi daxil edin: 8A 
>>> say = input("Şagird sayını daxil edin: ") 
Şagird sayını daxil edin: 24 
>>> sinifkom = input("Sinifkomun adını daxil edin: ") 
Sinifkomun adını daxil edin: Arzu 
>>> cins = input("Sinifkomun cinsini daxil edin: ") 
Sinifkomun cinsini daxil edin: qız 
>>> print("Sinifdə "+say+" şagird var.") 
Sinifdə 24 şagird var. 
>>> print("Sinif nümayəndəsi "+sinifkom+" "+cins+"dır.") 
Sinif nümayəndəsi Arzu qızdır. 
>>>

   Bu proqram vasitəsilə hər kəs öz sinfi haqqında məlumatları daxil edib ekrana çıxara bilər.

Habil, Qabil və hasil

   Habil və Qabil “Vurma” mövzusunda attestasiyaya hazırlaşırdılar. Habil a-dan b-yədək bütün natural ədədlərin hasilini fikirləşir, Qabil isə ilk və sonuncu ədədləri tapmağa cəhd edirdi.

curling-scoreboard-986831426-5be1fa4e46e0fb0026701932

   ab ədədlərinin qiymətini tapmaqda Qabilə kömək edin. Əgər həll bir neçədirsə, onda çıxışa a-sı ən kiçik olanını verin.

Giriş verilənlərinin formatı

   Tək sətirdə bir ədəd – ədədlərin hasili (1 < a ≤ b ≤ 10000) verilir.

Çıxış verilənlərinin formatı

   Çıxışa tək sətirdə aralarında boşluq işarəsi olmaqla iki ədəd: ab. verilir.

Nümunə

60 

3 5

   Proqramı özünüz tərtib etməyə çalışın. Əgər alınmasa, aşağıdakı həll ilə tanış olun:

screen shot 2019-01-05 at 02.43.30

Mənbə: https://www.e-olymp.com

Dəyişənlər

   Bütün proqramlaşdırma dillərində olduğu kimi Python dilində də dəyişənlərdən istifadə olunur. Bizim yazdığımız ilk proqram o qədər sadə idi ki, biz orda heç bir dəyişəndən istifadə etmədik:

>>> print("Salam Azərbaycan!") 
Salam Azərbaycan! 
>>>

   Lakin bir çox hallarda proqramlarda dəyişənlərdən istifadə olunur. İrəlidə dəyişənlərlə bağlı əlavə məlumatlar verəcəm, hələlik isə onu bilməyiniz kifayətdir ki, qiymətlər dəyişənlər vasitəsilə yadda saxlanılır. 

   Gəlin real həyatdan nümunə çəkək. Məsələn sinifkom (sinif nümayəndəsi) hər ilin əvvəlində təyin olunur. Deyək ki, bu il Arzu təyin olunub. Burada sinifkom bir dəyişəndir, Arzu isə bu dəyişənin aldığı bir qiymətdir. Biz sinifkom deyəndə Arzu nəzərdə tutulur. Çünki bu dəyişənin qiymətini Arzu olaraq təyin etmişik.

   Bu dediklərimizi proqram şəklində yazsaq aşağıdakı kod alınacaq:

>>> sinifkom = "Arzu" 
>>> print(sinifkom) 
Arzu 
>>> 

   Nə baş verdi? Əvvəlcə biz sinifkom dəyişəninə “Arzu” sözünü mənimsətdik. Burada istifadə etdiyimiz = (bərabər) simvolu mənimsətmə operatorudur. Məlumat sətir tipində olduğuna görə biz onu dırnaq içərisində yazdıq. Sonra print əmrində parametr kimi sinifkom dəyişənini göstərdik. Bu dəyişənin qiyməti Arzu olduğuna görə nəticədə ekrana da Arzu çıxdı 🙂 Yəni, print əmri ekrana sinifkom dəyişəninin qiymətini çıxardı. Bu qədər sadə.

   İndi isə proqramımızı bir az təkmilləşdirək. Gəlin sinifkomun qız yoxsa oğlan olduğunu da bildirək. Axı Arzu həm oğlan, həm də qız adıdır. Belə bir proqram yazaq:

>>> sinifkom = "Arzu" 
>>> cins = "qız" 
>>> print("Sinif nümayəndəsi "+sinifkom+" "+cins+"dır.") 
Sinif nümayəndəsi Arzu qızdır. 
>>>

   Bu proqramda biz iki dəyişəndən (sinifkomcins) istifadə etdik. Müvafiq olaraq da dəyişənlərə Arzu qız qiymətlərini mənimsətdik. Sonra print əmri vasitəsilə ekrana məlumat çıxardıq. Burada print əmrinin daxilində bəzi ifadələri dırnaq içərisində yazdıq, bunlar olduğu kimi ekranda görsənəcək. İstifadə olunan sinifkomcins dəyişənlərinin isə almış olduqları qiymətlər ekrana çıxacaq. Biz burada ifadələri birləşdirmək üçün + (üstəgəl) operatorundan istifadə etdik.

   İndi isə gəlin iki ədədi toplayan proqram yazaq:

>>> a=15 
>>> b=20 
>>> c=a+b 
>>> print(c) 
35 
>>>

   Proqramdan da gördüyünüz kimi burada üç dəyişəndən (a, bc) istifadə olunur. Müvafiq olaraq a b dəyişənlərinə qiymət olaraq 1520 ədədləri mənimsədilir. Bundan sonra c dəyişəninə ab dəyişənlərinin cəmi mənimsədilir. Yekunda print əmri vasitəsilə c dəyişəninin qiyməti çapa verilir. Bu arada diqqət edin ki, sətir tipindəki məlumatlardan fərqli olaraq ədəd tipindəki məlumatlar dəyişənlərə mənimsədilərkən dırnaq işarələrindən istifadə olunmur.

İlk proqram

   Və nəhayət o an gəlib çatdı. Biz az sonra ilk proqramımızı yazacağıq. Təbii ki, biz ən sadə proqramdan başlayacağıq. Demək olar ki, bütün proqramlaşdırma kitablarında ən sadə dediyimiz proqram “Hello world!” (Salam dünya!) proqramıdır. Yəni elə bir proqram yazılır ki, ekrana “Salam dünya!” sözləri çıxır, bu qədər sadə. Amma gəlin biz ekrana “Salam dünya!” əvəzinə “Salam Azərbaycan!” sözlərini çıxaraq. 

   Yuxarıda qeyd etmişdim ki, Python-da proqramlar həm interpretatorun əmrlər rejimində, həm də ayrıca fayllarda yazıla bilər. Gəlin ilk proqramımızı əvvəlcə əmrlər rejimində yazaq. 

   Bunun üçün >>> simvollarından sonra aşağıdakı əmri yazıb enter düyməsinə vurmaq lazımdır:

>>> print("Salam Azərbaycan!") 
Salam Azərbaycan! 
>>>

   Nəticədə ekranda növbəti sətrdə Salam Azərbaycan sözləri çıxacaq. Nə baş verdi? Python-un interpretatoru proqramı icra edib nəticəni ekrana verdi. Gördüyünüz kimi bizim ilk proqramımız həqiqətən də sadə və asan alındı.

   Biz eyni proqramı faylda da yazıb icra edə bilərik. Bunun üçün aşağıdakı əməliyyatları ardıcıllıqla yerinə yetirin:

  1. IDLE mühitində əsas menyudan File —> New File opsiyasını seçin.
  2. Qarşınıza çıxan yeni redaktor pəncərəsində print(“Salam Azərbaycan!”) əmrini yazın. 
  3. Menyudan File —> Save opsiyasını seçməklə proqramı yaddaşa verin.
  4. Menyudan Run —> Run Module opsiyasını seçməklə proqramı icra edin. 

   Yekunda eyni nəticəni əldə etmiş olacaqsınız. Onu da qeyd edim ki, peşəkarlıq baxımından proqramları fayllarda yazıb yadda saxlamaq və icra etmək daha yaxşı üsuldur. Python dilində yazılmış proqram fayllarına skript deyilir və genişləmələri .py və ya .pyw olur.

   İndi isə gəlin bu sadə proqramı bir az incələyək. Daha öncə də qeyd etdiyim kimi, biz proqramları yazmaq üçün seçmiş olduğumuz proqramlaşdırma dilinin (indiki halda Python) əmrlərindən istifadə etməliyik. Bu kiçik və sadə proqramda da biz ekrana məlumat çıxarmaq üçün Python dilinin print əmrindən istifadə etdik. Nəzərinizə çatdırım ki, Python dilinin əvvəlki versiyalarında print əmrində mötərizələrdən istifadə olunmurdu, lakin yeni versiyalarda bu zəruridir. 

   Mötərizələr daxilində isə ekrana çıxarmaq istədiyimiz məlumatı dırnaqlar içərisində yazdıq. Bunu ona görə etdik ki, ekrana çıxan (Salam Azərbaycan!) məlumat sətir tipindədir, sətir tipli məlumatlar isə mütləq dırnaq içərisində yazılmalıdır. Gələcəkdə biz bu haqda daha ətraflı danışacağıq. Hələlik isə bu qədər. Artıq Sizi təbrik etmək olar. Siz ilk proqramınızı yazdınız 🙂

Gəncləşdirmə siyasəti

   Xoşbəxtlər ölkəsi hər keçən gün daha da inkişaf edirdi. Bunun səbəbi ölkədəki gənclərə etimad göstərilməsi və onların önünün açılması idi. Hətta günlərin bir günü hökmdar belə bir qərar verir ki, dövlət idarəetməsində də gənclər önə çəkilsin.

Marjorie_Cole

   Amma bunun üçün əvvəlcə yaşı çox olan nazir və komitə sədrlərini təqaüdə göndərmək lazım idi. İşin çətin tərəfi bu qoca vəzifəlilərin sayının çox olması idi. Məsələnin müsbət tərəfi isə onların əksəriyyətinin eyni yaşda olmaları idi. Elə hökmdar da gəncləşdirmə siyasətini ilbəil aparmağı düşünürdü. Hər şeyi yüz ölçüb bir biçən müdrik hökmdar belə bir qərar verir: “Bu ilin Bahar Bayramı ərəfəsində Nazirlər Kabineti və Dövlət Komitələrində çalışan ən yaşlı məmurlar təqaüdə göndərilsin”.

   Saray katibi bu qərarı yazıya köçürəndə hökmdardan neçə nəfərin və kimlərin təqaüdə göndəriləcəyini soruşur. Hökmdarın cavabı belə olur: “Ən yaşlı məmuru müəyyən edin, onun yaşında olanların hamısını təqaüdə göndərin”.

   Bu məsələni həll etmək yenə proqramçı Familin öhdəsinə düşür. Saray katibi nazir və komitə sədrlərinin yaşını yazıb proqramçıya verir. Famil qarşıya qoyulan tapşırığa uyğun proqram tərtib edir. Saray katibinə təqaüdə göndərilən ən qocaların yaşı və sayı təqdim edilir.

Giriş verilənlərinə nümunə:

65 84 73 84 68 72 84 59

   Çıxış verilənlərinə nümunə:

84 3

   Proqramı özünüz tərtib etməyə çalışın. Alınmasa, Familin həlli ilə tanış ola bilərsiniz:

Screen Shot 2019-01-02 at 22.50.39

Xoşbəxtlər ölkəsinin parlamenti

   Xoşbəxtlər ölkəsinin çox maraqlı parlamenti var idi. Amfiteatr formasında olan bu parlamentdə millət vəkilləri çox orijinal bir qayda ilə əyləşirdilər. Bu qayda deputatların təvəllüdlərinin palindromluq dərəcəsinə əsaslanırdı.

amphitheater-at-club-o7

   Təvəllüdlərinin palindromluq dərəcəsi 0 olan deputatlar ön sırada, 1 olanlar növbəti, 2 olanlar ondan sonrakı sırada əyləşirdilər. Və beləcə bu palindromluq dərəcəsi artdıqca millət vəkilləri də amfiteatrın yuxarılarına doğru öz yerlərini tuturdular. Palindromluq dərəcəsini öyrənmək üçün hər deputat öz təvəllüdünü ggaaiiii formatında (məs. 10011001) təqdim etməliydi.

   Gəlin əvvəlcə palindrom ədəd və palindromluq dərəcəsinin nə olduğunu aydınlaşdıraq. Əgər verilmiş natural ədəd özünün tərsinə yazılışı ilə eynidirsə, bu ədəd palindrom ədəd adlanır. Məsələn 10011001 ədədi kimi. Əgər verilmiş ədəd palindrom deyilsə, onun rəqəmlərini əks sırada yazırıq və verilən ədədlə toplayırıq. Bu prosesi palindrom ədəd alınana qədər davam etdirirk. İcra edilən əməliyyatların sayı verilmiş ədədin palindromluq dərəcəsi adlanır.

  Sizdən tələb olunan təqdim edilmiş təvəllüdə görə palindromluq dərəcəsini müəyyən edən proqram tərtib etməkdir.

Giriş verilənlərinə nümunə:

10121978

   Çıxış verilənlərinə nümunə:

5

   Proqramı özünüz tərtib etməyə çalışın. Alınmasa, aşağıdakı həll ilə tanış ola bilərsiniz:

Screen Shot 2019-01-01 at 21.36.04

ord() və chr() funksiyaları

   Python proqramlaşdırma dilinin built-in (daxili) funksiyalarından olan chr()ord() funksiyaları simvollarla işləyərkən işimizə yarayır.

ord(simvol)

Bu funksiya Unicode simvolunun kodunu qaytarır:

>>> ord('a') 
97 
>>> ord('\u263E') 
9790 
>>>

chr(kod)

Bu funksiya verilmiş koda əsasən unicode simvolunu qaytarır:

>>> chr(97) 
'a' 
>>> chr(9790) 
'☾' 
>>>