Gəlin Başlayaq

Ənənəvi proqramlaşdırma kitablarında işə başlamaq üçün gərək 20-30 səhifə oxuyasan sonra başlayasan. Mən isə nə özümü nə də Sizi yoracam, elə bir başa keçəcəyik əsas mətləbə. Biz o an nə lazımdırsa, ancaq onu öyrənəcəyik, əlavə məlumatlarla mövzudan yayınmayacağıq. Bu metodika Python dilini həm asan, həm də sürətli öyrənməyinizə imkan verəcək.

İşə başlamaq üçün əvvəlcə Python dilinin interpretatorunu yükləyib kompüterimizə instalyasiya etməliyik. Bunun üçün Python layihəsinin rəsmi http://python.org saytından öz əməliyyat sistemimizə uyğun olan versiyanı yükləməliyik. Qeyd edim ki, Python dilinin interpretatoru müxtəlif əməliyyat sistemləri (Windows, UNIX/Linux, Mac OS X və s.) üçün mövcuddur. Azərbaycan kompüter istifadəçilərinin əksəriyyəti öz kompüterlərində Windows əməliyyat sistemindən istifadə etdikləri üçün bizi də ən çox Windows platforması maraqlandıracaq.

Saytın Downloads bölməsindən Windows platformasını seçdikdən sonra qarşımıza aşağıdakı səhifə çıxacaq:

Hazırda Python dili iki istiqamət üzrə (Python 2.x və Python 3.x) inkişaf etdirilir. Aralarındakı fərqlərə dair qısa olaraq onu demək olar ki, Python 3.x realizasiyası daha sadə sintaksisə malikdir və bir sıra yeniliklərlə zəngindir. Odur ki, Sizə də bu istiqaməti məsləhət görürəm. Yuxarıdakı şəkildən də gördüyünüz kimi bu sətirlər yazılan zaman hər iki istiqamət üzrə son versiyalar Python 2.7.18 və Python 3.9.5 idi. Ola bilsin ki, Siz bu sətirləri oxuyan zaman daha yeni versiyalar yayılmış olsun. İstənilən halda Python 3.x üzrə son versiyanı yükləməyiniz məsləhət görülür. Bu kitabda da biz Python 3.x versiyası ilə işləyəcəyik.

Gəlin Başlayaq” üçün bir şərh

Şərh üçün bağlıdır.