Dəyişənlər

   Bütün proqramlaşdırma dillərində olduğu kimi Python dilində də dəyişənlərdən istifadə olunur. Bizim yazdığımız ilk proqram o qədər sadə idi ki, biz orda heç bir dəyişəndən istifadə etmədik:

>>> print("Salam Azərbaycan!") 
Salam Azərbaycan! 
>>>

   Lakin bir çox hallarda proqramlarda dəyişənlərdən istifadə olunur. İrəlidə dəyişənlərlə bağlı əlavə məlumatlar verəcəm, hələlik isə onu bilməyiniz kifayətdir ki, qiymətlər dəyişənlər vasitəsilə yadda saxlanılır. 

   Gəlin real həyatdan nümunə çəkək. Məsələn sinifkom (sinif nümayəndəsi) hər ilin əvvəlində təyin olunur. Deyək ki, bu il Arzu təyin olunub. Burada sinifkom bir dəyişəndir, Arzu isə bu dəyişənin aldığı bir qiymətdir. Biz sinifkom deyəndə Arzu nəzərdə tutulur. Çünki bu dəyişənin qiymətini Arzu olaraq təyin etmişik.

   Bu dediklərimizi proqram şəklində yazsaq aşağıdakı kod alınacaq:

>>> sinifkom = "Arzu" 
>>> print(sinifkom) 
Arzu 
>>> 

   Nə baş verdi? Əvvəlcə biz sinifkom dəyişəninə “Arzu” sözünü mənimsətdik. Burada istifadə etdiyimiz = (bərabər) simvolu mənimsətmə operatorudur. Məlumat sətir tipində olduğuna görə biz onu dırnaq içərisində yazdıq. Sonra print əmrində parametr kimi sinifkom dəyişənini göstərdik. Bu dəyişənin qiyməti Arzu olduğuna görə nəticədə ekrana da Arzu çıxdı 🙂 Yəni, print əmri ekrana sinifkom dəyişəninin qiymətini çıxardı. Bu qədər sadə.

   İndi isə proqramımızı bir az təkmilləşdirək. Gəlin sinifkomun qız yoxsa oğlan olduğunu da bildirək. Axı Arzu həm oğlan, həm də qız adıdır. Belə bir proqram yazaq:

>>> sinifkom = "Arzu" 
>>> cins = "qız" 
>>> print("Sinif nümayəndəsi "+sinifkom+" "+cins+"dır.") 
Sinif nümayəndəsi Arzu qızdır. 
>>>

   Bu proqramda biz iki dəyişəndən (sinifkomcins) istifadə etdik. Müvafiq olaraq da dəyişənlərə Arzu qız qiymətlərini mənimsətdik. Sonra print əmri vasitəsilə ekrana məlumat çıxardıq. Burada print əmrinin daxilində bəzi ifadələri dırnaq içərisində yazdıq, bunlar olduğu kimi ekranda görsənəcək. İstifadə olunan sinifkomcins dəyişənlərinin isə almış olduqları qiymətlər ekrana çıxacaq. Biz burada ifadələri birləşdirmək üçün + (üstəgəl) operatorundan istifadə etdik.

   İndi isə gəlin iki ədədi toplayan proqram yazaq:

>>> a=15 
>>> b=20 
>>> c=a+b 
>>> print(c) 
35 
>>>

   Proqramdan da gördüyünüz kimi burada üç dəyişəndən (a, bc) istifadə olunur. Müvafiq olaraq a b dəyişənlərinə qiymət olaraq 1520 ədədləri mənimsədilir. Bundan sonra c dəyişəninə ab dəyişənlərinin cəmi mənimsədilir. Yekunda print əmri vasitəsilə c dəyişəninin qiyməti çapa verilir. Bu arada diqqət edin ki, sətir tipindəki məlumatlardan fərqli olaraq ədəd tipindəki məlumatlar dəyişənlərə mənimsədilərkən dırnaq işarələrindən istifadə olunmur.

İlk proqram

   Və nəhayət o an gəlib çatdı. Biz az sonra ilk proqramımızı yazacağıq. Təbii ki, biz ən sadə proqramdan başlayacağıq. Demək olar ki, bütün proqramlaşdırma kitablarında ən sadə dediyimiz proqram “Hello world!” (Salam dünya!) proqramıdır. Yəni elə bir proqram yazılır ki, ekrana “Salam dünya!” sözləri çıxır, bu qədər sadə. Amma gəlin biz ekrana “Salam dünya!” əvəzinə “Salam Azərbaycan!” sözlərini çıxaraq. 

   Yuxarıda qeyd etmişdim ki, Python-da proqramlar həm interpretatorun əmrlər rejimində, həm də ayrıca fayllarda yazıla bilər. Gəlin ilk proqramımızı əvvəlcə əmrlər rejimində yazaq. 

   Bunun üçün >>> simvollarından sonra aşağıdakı əmri yazıb enter düyməsinə vurmaq lazımdır:

>>> print("Salam Azərbaycan!") 
Salam Azərbaycan! 
>>>

   Nəticədə ekranda növbəti sətrdə Salam Azərbaycan sözləri çıxacaq. Nə baş verdi? Python-un interpretatoru proqramı icra edib nəticəni ekrana verdi. Gördüyünüz kimi bizim ilk proqramımız həqiqətən də sadə və asan alındı.

   Biz eyni proqramı faylda da yazıb icra edə bilərik. Bunun üçün aşağıdakı əməliyyatları ardıcıllıqla yerinə yetirin:

  1. IDLE mühitində əsas menyudan File —> New File opsiyasını seçin.
  2. Qarşınıza çıxan yeni redaktor pəncərəsində print(“Salam Azərbaycan!”) əmrini yazın. 
  3. Menyudan File —> Save opsiyasını seçməklə proqramı yaddaşa verin.
  4. Menyudan Run —> Run Module opsiyasını seçməklə proqramı icra edin. 

   Yekunda eyni nəticəni əldə etmiş olacaqsınız. Onu da qeyd edim ki, peşəkarlıq baxımından proqramları fayllarda yazıb yadda saxlamaq və icra etmək daha yaxşı üsuldur. Python dilində yazılmış proqram fayllarına skript deyilir və genişləmələri .py və ya .pyw olur.

   İndi isə gəlin bu sadə proqramı bir az incələyək. Daha öncə də qeyd etdiyim kimi, biz proqramları yazmaq üçün seçmiş olduğumuz proqramlaşdırma dilinin (indiki halda Python) əmrlərindən istifadə etməliyik. Bu kiçik və sadə proqramda da biz ekrana məlumat çıxarmaq üçün Python dilinin print əmrindən istifadə etdik. Nəzərinizə çatdırım ki, Python dilinin əvvəlki versiyalarında print əmrində mötərizələrdən istifadə olunmurdu, lakin yeni versiyalarda bu zəruridir. 

   Mötərizələr daxilində isə ekrana çıxarmaq istədiyimiz məlumatı dırnaqlar içərisində yazdıq. Bunu ona görə etdik ki, ekrana çıxan (Salam Azərbaycan!) məlumat sətir tipindədir, sətir tipli məlumatlar isə mütləq dırnaq içərisində yazılmalıdır. Gələcəkdə biz bu haqda daha ətraflı danışacağıq. Hələlik isə bu qədər. Artıq Sizi təbrik etmək olar. Siz ilk proqramınızı yazdınız 🙂