IDLE – işləmə mühiti

Python-un standart komplektinə IDLE adı verilən inteqrallaşdırılmış proqram işləmə (hazırlama) mühiti daxildir. IDLE mühitində Python dilində proqram yazmaq üçün mətn redaktoru və proqramları sazlamaq üçün proqram sazlayıcısı mövcuddur. Bir az daha sadə dillə desək, biz IDLE-da həm proqramları yazırıq, həm də proqram mətnində olan sintaksis səhvləri sazlayıcının köməyi ilə aşkar edib düzəldə bilirik. Bundan sonra isə hazır proqramları IDLE mühitindən icra etmək su içmək qədər asan olur. 

   Python-u kompüterinizə quraşdırdıqdan sonra onu işə salanda qarşınıza IDLE mühitinin proqram pəncərəsi çıxacaq:

   Bu pəncərədə biz Python interpretatorunun əmrlər sətrini görürük. Əmrlər sətrinin ilk sətirlərində Python-un versiyası, quraşdırıldığı platforma haqqında informasiya və digər məlumatlar yer alır. Növbəti sətirdə isə çağırış adlanan  >>>  simvolları gəlir.

   Biz proqram əmrlərini bu üç simvoldan sonra yazıb enter düyməsinə vurmaqla icra edəcəyik. Buna proqramların əmrlər rejimində yazılması deyilir. Başqa bir üsul isə proqramların fayllarda yazılmasıdır. İrəlidə hər iki üsuldan istifadə etməklə Python dilində proqramların yazılmasını Sizə izah edəcəm.

IDLE – işləmə mühiti” üçün bir şərh

Şərh üçün bağlıdır.