Anonim funksiyalar

   Biz indiyə qədər funksiyaları def açar sözündən istifadə edərək təyin etdik. Bundan başqa Python proqramlaşdırma dilində anonim funksiyalar da vardır ki, onlar da lambda açar sözü (lambda-ifadələr) ilə təyin olunurlar. Adsız olaraq təyin edilən anonim funksiyalara lambda funksiyalar da deyilir.

   Anonim funksiya aşağıdakı kimi elan edilir:

lambda arqumentlər: ifadə

   Lambda funksiyalarda arqumentlər istənilən sayda, ifadə isə yalnız bir dənə ola bilər. Buradakı ifadə icra olunaraq (hesablanaraq) anonim funksiyanın qiyməti kimi qaytarılır. Funksiya obyektləri tələb olunan hər yerdə anonim funksiyalar tətbiq oluna bilər. Lambda-ifadələr adətən qısa funksiyaları təyin etmək üçün istifadə olunurlar.

   Gəlin aşağıdakı nümunələri nəzərdən keçirək:

>>> sqrsum = lambda x,y: x**2+y**2
>>> sqrsum(3,4)
25
>>> print((lambda x: x**3) (5))
125
>>>

   Birinci misaldan da gördüyünüz kimi lambda funksiya elan edilərək hər hansı bir dəyişənə mənimsədilə bilər. İkinci misalda isə lambda funksiya təyin edildikdən həmən sonra istifadə edilir və print() funksiyasına arqument kimi ötürülür.

Anonim funksiyalar” üçün 2 şərh

Şərh üçün bağlıdır.