Alqoritm

  Alqoritm (ing. Algorithm) — verilmiş məsələni həll etmək üçün dəqiq təyin olunmuş sonlu sayda qaydalar ardıcıllığıdır. Bu qaydalar kompüterdə realizə olunabilən instruksiyalardır. Alqoritm istənilən növ məsələnin həlli üçün tərtib oluna bilər.

   Günümüzdə hesablama texnologiyasında geniş istifadə olunan bu termin IX əsrin məşhur fars riyaziyyatçısı Məhəmməd İbn Musa əl-Xarəzminin (783-850) adıyla bağlıdır.

Muhammad ibn Musa al-Khawarizmi

   Təxminən 825-ci ildə Əl-Xarəzmi onu riyaziyyat aləmində məşhur edən “Əl-kitab əl-müxtəsər fi hesab əl-cəbr vəl müqabələ” adlı kitabını yazmışdır. Yeri gəlmişkən bu gün istifadə etdiyimiz cəbr sözü də bu alimin adıyla bağlıdır. Əl-Xarəzmi öz kitabında mövqeli say sistemi, bu sistemdə hesablama qaydaları haqqında məlumat verir və ilk dəfə sıfırdan (0) istifadə edir. XII əsrin ilk yarısında onun kitabı latın dilinə tərcümə olunaraq “Algoritmi de numero Indorum” adıyla Avropaya daxil olur. Beləliklə də onluq say sistemində hesab qaydalarını alqoritm adlandırırlar. Bu gün istifadə etdiyimiz alqoritm anlayışı isə məsələləri həll etmək üçün istifadə olunan qaydalar (hesabi və məntiqi əməliyyatlar) ardıcıllığını ifadə edir.

Alqoritmin xassələri

  1. Diskretlilik xassəsi. Hər bir alqoritm məsələnin həll prosesini sadə addımların yerinə yetirilməsi ardıcıllığı şəklində ifadə edir və hər bir addımın yerinə yetirilməsi üçün sonlu zaman fasiləsi tələb olunur, yəni başlanğıc verilənlərlə icra olunan hesabi və məntiqi əməliyyatların yerinə yetirilməsi və nəticənin alınması zamana görə diskret yerinə yetirilir.
  2. Müəyyənlik xassəsi. Hər bir alqoritm dəqiq, birqiymətli olmalıdır. Bu xassəyə əsasən alqoritm yerinə yetirildikdə istifadəçinin və onun istifadə etdiyi kompüterdən asılı olmayaraq eyni nəticə əldə edilməlidir.
  3. Kütləvilik xassəsi. Müəyyən sinif məsələnin həlli üçün qurulmuş alqoritm bu sinfə aid olan yalnız başlanğıc qiymətləri ilə fərqlənən bütün məsələlərin həllini təmin etməlidir. Məsələn, ax2 + bx + c = 0 kvadrat tənliyi üçün qurulmuş alqoritm a, b, c – nin ixtiyari qiymətləri üçün məsələni həll edir.
  4. Nəticəlilik və sonluluq xassəsi. Alqoritm sonlu sayda addımdan sonra başa çatmalı və verilmiş məsələnin həlli tapılmalıdır

Alqoritmin təsvir üsulları

  1. Mətn
  2. Blok-sxem
  3. Cədvəl
  4. Alqoritmik dil

Alqoritmin tipləri

  1. Xətti
  2. Budaqlanan
  3. Dövrü

Bernulli ədədlərini hesablayan alqoritm

   İngilis riyaziyyatçısı Ada Lavleys (1815-1852) tərəfindən tərtib olunan Bernulli ədədlərinin hesablanması alqoritmi kompüter üçün yazılan ilk proqram hesab olunur.

Diagram_for_the_computation_of_Bernoulli_numbers

   Ada xanımın özü də təbii olaraq insanlıq tarixinin ilk proqramçısı adını daşıyır. Onun Çarlz Bebbicin analitik maşını ilə bağlı gördüyü işlər gənc xanımı məşhur etmişdir.

Ada_Lovelace

   Ada Lavleysin adının əbədiləşdirilməsi məqsədilə proqramlaşdırma dillərindən birinə onun adı verilmişdir.

Alqoritm” üçün bir şərh

  1. Geri izləmə: Terminlər | Python

Şərh üçün bağlıdır.