with operatoru

Python 2.5 versiyasından etibarən tətbiq olunan with operatoru əmrlər axınını idarə etmək və kodu sadələşdirmək məqsədilə istifadə olunur. Bu operatorun sintaksisi aşağıdakı kimidir:

with əməliyyat:
    kod

   Burada əməliyyat hər hansı bir obyekt, ifadə və ya konstruksiyadır, kod isə proqram kodudur. Biz əməliyyat olaraq ifadə as dəyişən konstruksiyasından da istifadə edə bilərik:

with ifadə as dəyişən:
    kod 

Gəlin aşağıdakı nümunəni nəzərdən keçirək:

with open('region.txt','w') as f:
    f.write('Qafqaz')

   Yuxarıdakı proqram kodunda əvvəlcə fayl açılır və : simvolundan sonra əmrlər bloku icra olunur. İndiki halda blokda fayla məlumatın yazılması həyata keçirilir, lakin blok daxilində digər əməliyyatlar da nəzərdə tutula bilərdi. Burada with operatorunun istifadəsi ona imkan verir ki, əmrlər blokunun icrası bitdikdən sonra fayl obyekti avtomatik olaraq bağlansın. Fayl obyekti hətta blok daxilində istisna (exception) baş versə də bağlanmış olacaq. Əgər with operatorundan istifadə edilməsəydi, proqram kodu bu qədər sadə alınmayacaqdı.

Çoxlu mənimsətmə

Python proqramlaşdırma dili çoxlu mənimsətməyə imkan verir. Bu iki şəkildə mümkündür:

  • Eyni zamanda bir neçə dəyişənə eyni qiymətlərin mənimsədilməsi;
  • Eyni zamanda bir neçə dəyişənə müxtəlif qiymətlərin mənimsədilməsi.

Gəlin aşağıdakı misalı nəzərdən keçirək:

>>> a = b = c = 1
>>> print(a, b, c)
1 1 1 
>>>

  Burada üç dəyişəndən (a, b, c) istifadə etdik. Bu üç dəyişənə eyni zamanda eyni bir qiymət (1) mənimsədilir və print əmri ilə ekrana çapa verilir. Nəticədə ekrana hər üç dəyişənin almış olduğu eyni qiymətlər (1 1 1) çıxır.

Aşağıdakı misal isə bir neçə dəyişənə müxtəlif qiymətlərin mənimsədilməsini nümayiş etdirir:

>>> a, b, c = 1, 2, 3
>>> print(a, b, c)
1 2 3 
>>>

Burada isə üç dəyişənə eyni zamanda fərqli qiymətlər (1, 2, 3) mənimsədilir və print əmri ilə ekrana çapa verilir. Nəticədə ekrana hər üç dəyişənin almış olduğu fərqli qiymətlər (1 2 3) çıxır.

pass operatoru

Python proqramlaşdırma dilində heç bir “iş görməyən” pass adlı bir operator var. Bu operator o zaman istifadə olunur ki, sintaksis olaraq operatorun olması tələb olunur, lakin proqram kodundan heç bir əməl tələb olunmur. Məsələn deyək ki, biz  fakt() adlı bir funksiya hazırlamağı düşünürük, lakin bu funksiyanın gövdəsini yazmağı sonraya saxlamaq istəyirik. Python funksiya gövdəsinin boş saxlanmasına icazə vermədiyinə görə biz burada pass operatorundan istifadə edə bilərik:

def fakt(n):
    pass

   Gəlin başqa bir nümunəni nəzərdən keçirək.

Aşağıda iki dəyişən bir-biri ilə müqayisə olunur, nəticədən asılı olaraq fərqli əməliyyatlar icra olunur. Dəyişənlərin bərabərliyi halında gələcəkdə icrası nəzərdə tutulan lakin proqramçının hələ hazırlamadığı bir əməliyyat var. Bu hissə pass operatorunu yazmaqla boş buraxala bilər:

a = int(input())
b = int(input())

if a > b:
    c = a * a + b
elif a < b:
    c = b * b - a
else:
    pass

print(c) 

    Gördüyünüz kimi pass operatorunun tətbiqi hər hansı bir əməli yerinə yetirmir, lakin eyni zamanda müəyyən proqram blokunu boş saxlamamaq üçün işimizə yarayır.

Dünyada Kompüter Elmləri üzrə Top 10 Universitetlər

   Kompüter Elmləri və İnformasiya Texnologiyaları ixtisasları günbəgün daha da populyarlaşır. Bu ixtisaslara yiyələnmək üçün isə güclü nəzəri biliklərə və sağlam praktiki vərdişlərə sahib olmaq lazımdır. Bəs dünyada öz tələbələrinə bilik və təcrübəni ən uğurlu şəkildə verən ali təhsil müəssisələri hansılardır? Bu günkü məqaləmizdə bu haqda danışacağıq.

Massachusetts Institute of Technology (MIT)

Masaçusets Texnologiya İnstitutu (MIT) bu gün dünyada elm və texnologiyanın tədrisində lider mövqedə durur. Bu iddianı təsdiq edən ən əsaslı fakt indiyə qədər 63 MIT yetirməsinin Nobel Mükafatı qazanmasıdır.

Kompüter Elmlərinin tədrisi sahəsində isə bu ali məktəbin göstəriciləri həqiqətən də göz qamaşdırır. MIT-in Elektrik Mühəndisliyi və Kompüter Elmləri Departamenti bakalavriat səviyyəsində dünya üzrə ən nümunəvi tədris verir. Bundan başqa institutun nəzdində kompüter elmləri ilə məşğul olan bir çox elmi-araşdırma mərkəzləri və müasir laboratoriyalar fəaliyyət göstərir. Bunlardan Kompüter Elmləri və Süni İntellekt Laboratoriyası (CSAIL) xüsusilə seçilir. Dünyaca məşhur olan CSAIL süni intellekt, hesablamalı biologiya, robototexnika və s. problemlərlə məşğul olur.

MIT-in Kompüter Elmlərindən məzun olanlar dünyanın aparıcı İT şirkətlərindən yüksək maaşlı təkliflər alır. Bu məzunlar içərisində öz biznesini quranlar da az deyil. Onlardan IRobot korporasiyasının qurucusu Colin Angeli və Hewlett Packard şirkətinin həmtəsisçisi William Reddington Hewletti xüsusilə qeyd etmək olar.

Stanford University

Stanford Universiteti artıq uzun müddətdir ki, dünyada yüksək təhsil göstəricilərinə malik təhsil ocaqlarından biri kimi tanınır. İndiyə qədər universitetin yetirmələrindən 49-u Nobel Mükafatına, 27-si xüsusi MacArthur təqaüdünə və 20 nəfəri də ABŞ-ın Milli Elm Medalına layiq görülüb.

50 illik tarixi olan Kompüter Elmləri Departamenti Silikon Vadisinin qurulmasında yaxından iştirak etmişdir. Məhz bu departamentin məzunları dünyanın rəqəmsal nəhəngləri olan Google, Yahoo, Taiwan Semiconductor və Electronic Arts kimi şirkətləri təsis etmişlər.

Stanford Universitetinin Kompüter Elmləri Departamenti keçmiş ənənələrin qorunub inkişaf etdirilməsi və movcud nailiyyətlərin davamlı olması üçün strateji plan işləyib hazırlamışdır. Bu plana əsasən bir çox proqramların online tədrisi nəzərdə tutulmuşdur.

Carnegie Mellon University

Şotland əsilli amerikalı sənayeçi və xeyriyyəçi Endrü Karneginin təsis etdiyi Carnegie Mellon Universiteti (CMU) artıq bir əsrdən çoxdur ki, fəaliyyət göstərir. Universitetin fəlsəfəsini Karneginin biznesdə rəhbər tutduğu və ona inanılmaz uğurlar qazandıran praqmatik prinsipləri təşkil edir.

Carnegie Mellon Universiteti quruluşundan bəri innovativ və kreativ həllər ortaya qoymaqla elmi-tədqiqat institutları arasında öncül mövqedə yerləşmişdir. Bu mənada ən böyük uğur kimi universitetin Kompüter Elmləri Məktəbinin Mars roverlərində istifadə olunan robot qurğuları və onların proqram təminatının hazırlanmasındakı əməyini qeyd etmək olar. Bundan başqa CMU avtomobil qəzalarını önləyən ağıllı sistemlər və yaşlı insanlara ev şəraitində yardımçı olan innovativ qurğular işləyib hazırlamışdır.

Carnegie Mellon Universiteti Kompüter Elmlərinin ümumi istiqamətlərindən başqa öz tələbələrinə Hesablamalı Biologiya, İnsan və Kompüter İnteraksiyası, Dil Texnologiyaları, Maşın Öyrənməsi, Robototexnika kimi sahələrin tədrisini də təklif edir.

University of California – Berkeley

University of California Berkeley dünyada ƏN YAXŞI dövlət universiteti sayılır. Kaliforniya Universiteti müxtəlif sahələrdə bir sıra elmi ixtiralara (2500 patent) imza atmışdır. Bunlardan atom bombasının hazırlanması və 5 kimyəvi elementin kəşfini misal göstərmək olar. Dünyanın aparıcı elmi-tədqiqat mərkəzi hesab olunan bu universitetin ciddi elmi bazası, yüksək səviyyəli texniki təchizatı və elmi məsələlərə çox orijinal yanaşması vardır.

Kaliforniya Universitetinin İnformasiya-Kommunikasiya Texnologiyaları (İKT) sahəsindəki nailiyyətləri də göz qamaşdırır. Məhz bu universitetin divarları arasında elektron lampalı kompüter, kompüter mausu, PowerPoint, elektron poçt, Unix əməliyyat sistemi ərsəyə gətirilmişdir. Universitetin 9 yetirməsi Türinq mükafatına layiq görülmüşdür.

Bu gün University of California Berkeley Kompüter Elmlərinin müxtəlif istiqamətləri üzrə yüksək səviyyəli tədris proqramları təklif edir.

Harvard University

1636-cı ildə təsis edilmiş Harvard Universiteti bu gün dünyanın ən prestijli ali təhsil ocaqlarından biri sayılır. Təhsilin keyfiyəti və universitetdə aparılan elmi tədqiqatların miqyasına görə Harvard Universiteti dünya reytinqlərində hər zaman ön sıralarda durur. Təsadüfi deyil ki, Harvard Universitetinin kitabxanası dünyada ən böyük universitet kitabxanası (20 milyon tom) sayılır. Universitetin hesabına qazanılan Nobel mükafatlarının sayı isə çoxdan 160-ı ötüb. Harvard Universiteti həm də onunla fəxr edə bilər ki, məzunları arasında yüzlərlə dövlət xadimi (onlardan sadəcə 23-ü prezident) və biznes dünyasında böyük uğurlar qazanmış çox sayda milyarder və milyonçular var.

Universitetin Kompüter Elmləri Departamenti John A. Paulson adına Mühəndislik və Tətbiqi Elmlər Məktəbinin nəzdində fəaliyyət göstərir. Burada Süni İntellekt, Proqramlaşdırma DilləriHesablamalı Linqvistika kimi sahələrdə yüksək səviyyəli təhsil verilir. Tələbələrin elmi araşdırma aparmaları üçün bir sıra tədqiqat institutları fəaliyyət göstərir.

Son olaraq Harvard Universiteti ilə bağlı maraqlı bir statistikanı da qeyd etmək yerinə düşər. Belə ki, burda təhsil alan tələbələrin 60%-i daha universiteti bitirmədən öz ixtisasları üzrə iş tapa bilirlər.

University of Cambridge

Dünyanın ən qədim (1209) universitetlərindən biri olan Cambridge Universiteti öz reputasiyası ilə akademik institutlar arasında xüsusi bir yer tutur. Universitetin məzunları arasında dünyaca məşhur alim, dövlət xadimi, yazıçı və müxtəlif sahələrdə öz sözünü demiş peşəkarlar var. University of Cambridge özündə müxtəlif institutları birləşdirən 31 yarı-avtonom kollec və 150-dən çox departament, fakültə və digər institutlardan təşkil olunmuş 6 məktəbdən ibarətdir.

Cambridge Universitetinin Kompüter Elmləri və Texnologiya Departamenti 1937-ci ildə təsis edilmişdir. Burada tələbələrin yüksək təhsil alması və tədqiqat aparmaları üçün hər cür şərait vardır. Departament həmçinin hər həftə İnformasiya Texnologiyalarının ən aktual mövzuları ətrafında müxtəlif seminarlar da təşkil edir.

Bu gün University of Cambridge Kompüter Elmlərinin müxtəlif istiqamətləri üzrə bakalavriat, magistratura və doktorantura səviyəsində yüksək keyfiyətli təhsil təklif edir.

Princeton University

Özəl universitetlər arasında ən qədimlərdən sayılan Princeton Universiteti 1746-cı ildə təsis edilmişdir. Elmi-tədqiqat işlərinə çox önəm verməsilə tanınan bu universitet abituriyent seçimində də xüsusi həssaslıq göstərir. Universitetin ərazisində 75 elmi-tədqiqat institutu, 2 böyük milli laboratoriya və 10 kitabxana fəaliyyət göstərir. Bir çox dünya şöhrətli alim, biznesmen və dövlət xadimlərinin məzun olduğu Princeton Universiteti məzunların işlə təmin olunması üzrə dünya reytinqində ilk sıralarda yer alır.

Princeton Universitetinin Kompüter Elmləri Departamentinin bu sahədə öncüllərdən olmağa başlaması Alan Turing, Alonzo Church və John von Neumann kimi dahilərin öz fəaliyyət və tədqiqatlarını burada həyata keçirmələri ilə bağlıdır.

Öz ənənələrinə sadiq qalan departament bu gün də tələbələrə yüksək səviyyəli təhsil və təcübə imkanları təqdim edir. Burada tələbələr Kompüter Arxitekturası, Sistem və Şəbəkə Texnologiyaları, Proqramlaşdırma Dilləri, Hesablamalı Biologiya, Maşın Öyrənməsi və s. istiqamətlər üzrə keyfiyyətli təhsil ala bilərlər.

University of Oxford

1096-cı ildə təsis edilən Oxford Universiteti dünyanın ən qədim universitetlərindən biri sayılır. Köklü ənənələri, yüksək təhsil standartları bu gün də Oxford Universitetini dünyanın ən prestijli universitetləri arasında ön sıralarda qərarlaşdırır. Universitetin məzunları arasında bir çox dünya şöhrətli alim, siyasətçi və həyatda uğur qazanmış müxtəlif peşə sahibləri var.

Oxford Universitetinin Kompüter Elmləri Departamenti 1957-ci ildə təsis edilmişdir. Departamentdə yüksək dünya standartlarında təhsil almaq və tədqiqat işləri ilə məşğul olmaq mümkündür. Burada tələbələr Hesablamalı Biologiya, Kuantum Hesablaması, Hesablamalı Linqvistika, İnformasiya Sistemləri, Proqram Mühəndisliyi və s. kimi istiqamətlərdə dərin biliklərə və təcrübi bacarıqlara yiyələnə bilərlər.

Bu gün University of Oxford həm bakalavriat və magistratura, həm də doktorantura səviyəsində yüksək keyfiyətli təhsil təklif edir.

University of Toronto

Əsası 1827-ci ildə qoyulan Toronto Universiteti bu gün dünyanın ən nüfuzlu universitetlərindən biri sayılır. Tədrisdə innovativ həllərə üstünlük verən bu tədris ocağı ümumilikdə 12 müxtəlif profilli kollecdən ibarətdir. Universitetin 44 kitabxanası və 10 tədris hospitalı vardır. Toronto Universiteti elmi araşdırmalara xüsusi əhəmiyyət verməsi ilə də məşhurdur. Məhz burada insulin və elektron miskroskop ixtira edilmiş və həmçinin dərin öyrənmə, neyron şəbəkələr, multi-touch (çoxlu toxunma) texnologiyasının əsası qoyulmuşdur.

Toronto Universitetinin Kompüter Elmləri Departamenti 1947-ci ildə təsis edilmişdir. Burada tələbələrin İKT-nin müxtəlif istiqamətləri üzrə yüksək təhsil alması və tədqiqat aparmaları üçün hər cür şərait vardır. Departament həmçinin tələbə və məzunlarına geniş iş imkanları da təqdim edir.

University of Toronto’nun qapıları İKT ixtisaslarına yiyələnmək istəyənlərə hər zaman açıqdır. Bakalavriat və magistratura ilə yanaşı universitetin doktorantura proqramları da mövcuddur.

ETH Zürich

ETH Zürich dünyanın aparıcı texniki ali məktəblərindən biri sayılır. 1855-ci ildə təsis edilən təhsil ocağının ilk gündən qarşısına qoyduğu məqsədlər dəyişməz olaraq qalır: ən yaxşı təhsil, təcrübə və tədqiqatlar, məzunların yüksək peşəkarlığı. İndiyə qədər 21 yetirməsinin Nobel Mükafatı qazanması da bu ali məktəbin yüksək akademik ənənələrindən xəbər verir.

Ali məktəbin Kompüter Elmləri Departamenti 1981-ci ildə riyaziyyat, mühəndislik və təbiət elmlərinin kəsişməsində ərsəyə gətirilir. Lakin bundan xeyli əvvəl hələ 1950-ci ildə Prof. Eduard Stiefel’in rəhbərliyi altında Tətbiqi Riyaziyyat İnstitutu təsis edilir. Məhz burada Avropa universitetləri arasında ilk dəfə olaraq proqramlaşdırılabilən Z4 kompüteri quraşdırılır. Bu həmən kompüter idi ki, onu İkinci Dünya Müharibəsi illərində alman mühəndis Konrad Zuse ixtira etmişdi. Bundan başqa ALGOL və Pascal proqramlaşdırma dilləri də ETH Zürich’in divarları arasında meydana gəlmişdi.

Bu gün ETH Zürich İKT-nin müxtəlif istiqamətləri üzrə həm bakalavriat və magistratura, həm də doktorantura səviyəsində yüksək keyfiyətli təhsil təklif edir.