Web Proqramlaşdırma Nədir

  Proqramlaşdırmanın müxtəlif sahələri vardır. Bunlardan biri də web-layihələrin işlənməsi üçün nəzərdə tutulan web proqramlaşdırmadır. Hər gün daxil olduğumuz müxtəlif web-saytlar web proqramçılar tərəfindən işlənib hazırlanır.

Internet Concept

   WebsiteHostingRating.com saytının 1 Yanvar 2020-ci il tarixinə olan məlumatına görə dünyada 1,744,517,326 web-sayt vardır. Və bu say günbəgün deyil saatbasaat artır. Təbii ki, web-saytlara qoyulan tələblər də yüksəlir. Əgər əvvəllər istifadəçilərin ehtiyacını bəsit statik saytlar qarşılayırdısa, indi onların yerini daha mürəkkəb dinamik saytlar tutur.

Statik və dinamik saytlar

   Statik saytlar dəyişməyən səhifələrdən ibarətdir. İstifadəçilər öz brauzerlərindən belə saytları tələb etdikdə server hazır HTML-sənəd təqdim edir. Adətən belə saytlar hansısa  şəxsin və ya məhsulun tanıtımı, texniki dokumentasiyanın təqdimatı üçün tərtib olunurlar. Günümüzdə az da olsa statik saytlara rast gəlmək mümkündür.

   Dinamik saytlar isə dəyişən səhifələrdən ibarətdir. Belə səhifələr serverdə hazır şəkildə saxlanmırlar, istifadəçilərin sorğu və tələblərinə uyğun olaraq hər dəfə yenidən tərtib olunurlar. Daha funksional olan dinamik saytlara nümunə kimi internet-mağazalar, elan saytları, forumlar, istifadəçi kontentinə əsaslanan saytları göstərə bilərik.

İstifadə olunan texnologiyalar

   Web proqramlaşdırma skriptlər adlandırılan xüsusi proqram vasitələrinin hazırlanması ilə həyata keçirilir. Bu proqram vasitələri serverkliyent olmaq üzərə iki əsas növə ayrılır. Server skriptləri server tərəfində, yəni saytın yerləşdiyi kompüterdə icra olunur. Bu skriptlərin icrası sayt istifadəçinin kompüterinə yüklənmədən öncə baş verir. Kliyent skriptləri isə sayt yükləndikdən sonra istifadəçinin kompüterində icra olunur. Dinamik saytlarda həm kliyent, həm də server skriptlərindən istifadə olunur.

Web_Development

   Skriptlərin hazırlanması üçün istifadə olunan proqramlaşdırma dilləri də skriptlərin növündən asılı olaraq dəyişir. Bəzi proqramlaşdırma dilləri server skriptləri, bəziləri də kliyent skriptlərinin hazırlanması üçün nəzərdə tutulmuşdur.

   Kliyent dilləri kimi JavaScript, VBScript, SilverLight, Flash və s. kimi dillər istifadə olunur. Bunlara əlavə olaraq JavaScript dilinin freymvork, kitabxana və genişləmələrini (AngularJS, JQuery, jQuery Mobile, Node.js, Bootstrap, TypeScript, AJAX) də göstərmək olar. Server dilləri olaraq da PHP, Perl, Python, Ruby, ASP.NET, Java, Groovy, və JavaScript dilləri istifadə olunur. Server dilləriylə çalışarkən əsas məqamlardan biri də VBİS (Verilənlər Bazasının İdarəetmə Sistemi) ilə bilavasitə qarşılıqlı əlaqənin təmin edilməsidir. Web-layihələrdə ən çox istifadə olunan VBİS-lər kimi MySQL, PostgreSQL, Oracle, SQLiteMicrosoft SQL Server‘i qeyd etmək olar.

Web-Proqramçılar

   Sadə dildə desək web-proqramçı web proqramlaşdırma sahəsində fəaliyyət göstərən mütəxəssisdir. Onun əsas vəzifəsi keyfiyyətli və funksional saytlar hazırlamaqdan ibarətdir. Web-proqramçı həmçinin verilənlərin saxlanması və saytların təhlükəsizliyindən də məsuliyyət daşıyır.

Web-proqramçılar üç tipə bölünürlər:

  1. Front-End Developerlər web-layihələrin istifadəçi tərəfinin işlənməsi ilə məşğul olurlar. Onların işi web-dizaynerlərdən dizayn həllərinin təhvil alınmasıyla başlayır. Front-endçilərin vəzifəsinə saytın maketinin qurulması, interfeys elementlərinin hazırlanması kimi öhdəliklər daxildir.
  2. Back-End Developerlər web-layihələrin server tərəfinin işlənməsi ilə məşğul olurlar. Onların vəzifəsinə saytın ümumi iş prinsipi və məntiqinin işlənib hazırlanması, front-end developerlərin yazdıqları kodun server tərəflə inteqrasiyası, kontentin idarə olunması, saytın təhlükəsizliyin təmin edilməsi kimi öhdəliklər daxildir. Back-endçilər həmçinin front-end və mobil tətbiq developerləri tərəfindən istifadə olunan web xidmətlər və API’lərin hazırlanması ilə də məşğul olurlar.
  3. Full-Stack Developerlər isə həm front-endçilərin, həm də back-endçilərin gördükləri işi yerinə yetirəbilən web-proqramçılardır.

   Son olaraq qeyd etmək lazımdır ki, web proqramlaşdırma daim inkişaf edən sahədir. Və burada rəqabət də olduqca güclüdür. Tələb olunan web-proqramçı olmaq üçün texnoloji yenilikləri izləməli, bilik və bacarıqlarınızı sistemli olaraq yeniləməlisiniz.

Proqramçı Olmaq İstəyənlərə Tövsiyələr

   Bu gün ən prestijli və ən çox qazandıran ixtisaslardan biri, bəlkə də birincisi proqramlaşdırmadır. Bu faktdan xəbərdar olan bir çox insan həvəsə gəlib proqramçı olmaq istəyir. Əlbəttə ki, hər bir işə başlamaq üçün həvəs yaxşı motivatordur, lakin uğur qazanmaq və müvəffəq olmaq üçün kifayət deyil. 

Proqram_Yazmaq

   Bu günkü məqaləmizdə biz məsələyə daha konseptual yanaşacaq və proqramçı olmaq istəyənlərə dəyərli tövsiyələr verəcəyik.

Nə və niyə

   Proqramçı olmaq arzusuna düşənlərin ilk işi bu iki suala cavab tapmaq olmalıdır. Nə və niyə? Proqramlaşdırma nədir və mən niyə proqramçı olmaq istəyirəm? Sözsüz ki, hər bir insan seçəcəyi ixtisasın mahiyyətini dərk etməlidir. Proqramlaşdırma nədir, onun özünəməxsusluğu nədən ibarətdir, hansı çətinlikləri vardır? Bu suallara cavab tapmaq üçün ilk öncə özünüz araşdırmalı və daha sonra peşəkar proqramçılarla görüşməlisiniz. Yalnız bundan sonra özünüzə mən niyə proqramçı olmaq istəyirəm sualını verə bilərsiniz. Bax bu zaman vicdanınız qarşısında tam səmimi olmalısınız. Əgər cavabınız çoxlu pul qazanmaqdırsa, siz ən yaxşısı tacir olmağı seçin. Çünki proqramlaşdırma bir həyat tərzidir, fərqli bir dünyadır. Ona aşiq olmadan bu yolun yolçusu olunmaz. Əgər cavabınız proqramlaşdırma mənim düşüncə və həyat tərzimə uyğundur, mən özümü onda görürəm olsa, bax bu başqa məsələ. Demək ki, Siz proqramçı olmaq üçün doğulmusunuz… 

Doğru yol və sağlam cığır

   Bəs proqramçı olmaq üçün nə etmək lazımdır? Uzaq və yaxın məqsəd nədir? Nədən və necə başlamalı? Hansı proqramlaşdırma dilini öyrənməli, hansı kitabları oxumalı, hansı kurslara getməli? Növbəti mərhələdə bu suallara cavab tapmalısınız. 

   Proqramçı olmağa qərar verəndən sonra sizə bir neçə yol görünəcək. Siz doğru yolu seçməlisiniz. Məqsədə çatmaq üçün çox yollar vardır, amma bu şəxsdən şəxsə dəyişir. Hansı yolun Sizin üçün doğru olduğuna isə yalnız özünüz qərar verə bilərsiniz. Bunun üçün hansı sahədə proqramlaşdıracağınızı özünüz üçün müəyyənləşdirin. Sahələr çox müxtəlifdir: tətbiqi, sistem, mobil, web, oyun və s. Seçəcəyiniz sahə sizin yolunuzu müəyyənləşdirəcək, bu da öz növbəsində uzaq məqsədinizin nə olduğunu aydınlaşdıracaq.

   Doğru yolu təsbit etdikdən sonra sizi o yola götürən sağlam bir cığırı tapmaq lazımdır. Başqa sözlə desək yaxın məqsədləri müəyyən etməlisiniz. Yaxın məqsədlər isə proqramlaşdırma məntiqinə və alqoritm anlayışına sahib olmaqdır. Bunun üçün ən sadə proqramlaşdırma dilindən başlamaq məsləhətdir. Bu Python ola bilər.

Kitab seçimi

   Kitab seçimi çox önəmlidir. Elə bir kitabı seçməlisiniz ki, Sizi yarıyolda qoymasın. Sizin ilk proqramlaşdırma kitabınızın dili çox sadə və özü də əyləncəli olmalıdır. Mütləq özü öyrənənlər və yeni başlayanlar üçün nəzərdə tutulan kitablardan istifadə edin.

Özüm öyrənim yoxsa kursa gedim

   Asan olmasa da özünüzün öyrənməyiniz mümkündür. Bunun üçün Sizə iradə, nizam-intizam və səbr lazımdır. Əlbəttə kursa getməklə təkbaşına öyrəndiklərinizi daha qısa zamanda öyrənə bilərsiniz. Kursa getməyə imkanınız yoxdursa, yenə də üzülməyin. Çox yaxşı onlayn kurslar da mövcuddur, həm də pulsuz.

Təcrübə, təcrübə, təcrübə

   Proqramlaşdırmanı yaxşı öyrənmək üçün bu işin nəzəriyyəsini, fundamental əsaslarını və konsepsiyasını çox yaxşı bilməlisiniz. Proqramlaşdırmanı yaxşı bacarmaq üçün isə bol-bol praktika lazımdır. Neçə ki, yaxşı piano çalmaq üçün çoxlu piano çalmaq lazımdır. Eləcə də yaxşı proqram yazmaq üçün çoxlu proqram yazmaq lazımdır. Uzun sözün qısası daima proqramlaşdırma məntiqinizi inkişaf etdirməli və alqoritm tərtib etmək bacarığınızı təkmilləşdirməlisiniz. Bunun üçün müxtəlif çətinlik dərəcəli məsələləri həll edin, fərqli və optimal həll yollarını axtarın, eksperimentlər etməkdən çəkinməyin. Əlavə olaraq müxtəlif proqramlaşdırma yarışlarında iştirak edin. Bütün bunlar həm sizin təcrübənizi, həm də özünüzə inamınızı artıracaq.

Əlavə resurslar

   Bir tərəfdən proqramlaşdırın, digər tərəfdən də öyrənməyə davam edin. Forumlara üzv olun, bloqları izləyin, video-dərslərə baxın. Bir sözlə daim araşdırın və əlavə resurslardan hər zaman istifadə edin. Bu şəkildə biliklərinizi daha da zənginləşdirmiş olacaqsınız.

Bir mürşidiniz olsun

   Həyatda tanıdığınız (real və ya virtual) ən azı bir peşəkar proqramçı olsun. Rahat sual verə bildiyiniz, məsləhətini aldığınız, sizə yol göstərən bir proqramçı. Amma siz onu hər sıradan suallarınızla bezdirməyin. Əvvəlcə özünüz araşdırın, sualınıza cavab tapa bilməsəniz bir də araşdırın. Araşdırmanız nəticəsiz qalsa, bir daha araşdırın. Yalnız 3-cü uğursuz cəhddən sonra mürşidinizdən soruşun.

Bildiklərinizi paylaşın

   Biliklər paylaşdıqca artar. Bu qızıl qaydanı unutmayın. Siz də öz bildiklərinizi bu yolun yolçuları ilə bölüşün. İnanın bunun sizə də faydası olacaq. Bilikləriniz həm yenilənəcək, həm də canlı qalacaq.

Günün nəbzini tutun

   Proqramlaşdırma ilə bağlı hər şeyi izləyin, dəyişiklik və yeniliklərdən xəbərdar olun. Unutmayın ki, proqramlaşdırma dilləri də gün keçdikcə inkişaf edir, daha da zənginləşir.

Layihələr 

   Nəzəri biliklər və müəyyən dərəcədə praktiki vərdişlər əldə etdikdən sonra layihələrə başlaya bilərsiniz. İlkin olaraq kiçik layihələrdən başlamağınız məsləhətdir. Unutmayın məsələ layihənin kiçikliyində böyüklüyündə deyil. Əsas odur ki, başladığınız işi yarımçıq qoymayasınız. Hətta ən kiçik layihəni belə inkişaf etdirərək kifayət qədər ciddi proqram məhsulu halına gətirmək mümkündür. Burada əsas prosesin özüdür. Layihə boyunca qarşılaşdığınız problemləri anlamaq, onların həll yollarını tapmaq, bu həllərdən optimal olanını seçmək, addım-addım layihənin qarşınızda şəkillənməsi, onun təkmilləşdirilməsi… Bütün bunlar sizə tərifolunmaz həyəcan verəcək, zövq yaşadacaq.

Startuplar 

   Artıq bir neçə müstəqil layihəniz olduqdan sonra startup komandalarına da qoşula bilərsiniz. Bu həm sizə təcrübə qazandıracaq, həm komanda ruhu aşılayacaq, həm də əgər bəxtiniz gətirsə pul qazandıracaq.

Təcrübə proqramları

   Müəyyən səviyyəyə gəldikdən sonra hökmən şirkətlərin elan etdiyi pullu və ya pulsuz təcrübə proqramlarına qoşulun. Gələcək karyeranız adına bu çox uğurlu bir başlanğıc ola bilər. Bu zaman həm real təcrübə qazanar, həm də CV-nizə fəxrlə bir referans əlavə etmiş olarsınız. Hətta bəxtiniz gətirsə, təcrübə keçdiyiniz şirkət sizə real iş təklifi də edə bilər.

Beynəlxalq sertifikatlar

   Əsas bilik və bacarıqlardır, sertifikat o qədər də vacib deyil. Bu fikir əsasən doğrudur. Amma bilik və bacarıqları əldə etdikdən sonra bir də beynəlxalq sertifikatlar əldə etmək sizin peşəkarlığınızın real göstəricisi ola bilər. Şirkətlərə iş müraciətlərində, eləcə də müqavilə şərtlərində bu sertifikatların təsiri çox böyükdür. Digər tərəfdən sertifikat imtahanlarına hazırlaşarkən biliklərinizi sistemləşdirmiş olacaqsınız.

İşə düzəlmə

   Proqramlaşdırma peşəkar fəaliyətdir. Proqramçı olmaq arzusu ilə çıxdığınız bu yolun bir mənzili, məntiqi nəticəsi olmalıdır. Bu da təbii ki, işə düzəlməkdir. Uğurlu karyera qurmaq üçün bura qədər verdiyimiz məsləhətlərə hərfiyyən əməl etməlisiniz. Yalnız bu təqdirdə iş müsahibələrində özünəinamınız güclü olacaq. Öz imkanlarınızı layiqincə qiymətləndirin və iş təkliflərinə praqmatik yanaşın. Sizə uğurlar!