İlk proqram

   Və nəhayət o an gəlib çatdı. Biz az sonra ilk proqramımızı yazacağıq. Təbii ki, biz ən sadə proqramdan başlayacağıq. Demək olar ki, bütün proqramlaşdırma kitablarında ən sadə dediyimiz proqram “Hello world!” (Salam dünya!) proqramıdır. Yəni elə bir proqram yazılır ki, ekrana “Salam dünya!” sözləri çıxır, bu qədər sadə. Amma gəlin biz ekrana “Salam dünya!” əvəzinə “Salam Azərbaycan!” sözlərini çıxaraq. 

   Yuxarıda qeyd etmişdim ki, Python-da proqramlar həm interpretatorun əmrlər rejimində, həm də ayrıca fayllarda yazıla bilər. Gəlin ilk proqramımızı əvvəlcə əmrlər rejimində yazaq. 

   Bunun üçün >>> simvollarından sonra aşağıdakı əmri yazıb enter düyməsinə vurmaq lazımdır:

>>> print("Salam Azərbaycan!") 
Salam Azərbaycan! 
>>>

   Nəticədə ekranda növbəti sətrdə Salam Azərbaycan sözləri çıxacaq. Nə baş verdi? Python-un interpretatoru proqramı icra edib nəticəni ekrana verdi. Gördüyünüz kimi bizim ilk proqramımız həqiqətən də sadə və asan alındı.

   Biz eyni proqramı faylda da yazıb icra edə bilərik. Bunun üçün aşağıdakı əməliyyatları ardıcıllıqla yerinə yetirin:

  1. IDLE mühitində əsas menyudan File —> New File opsiyasını seçin.
  2. Qarşınıza çıxan yeni redaktor pəncərəsində print(“Salam Azərbaycan!”) əmrini yazın. 
  3. Menyudan File —> Save opsiyasını seçməklə proqramı yaddaşa verin.
  4. Menyudan Run —> Run Module opsiyasını seçməklə proqramı icra edin. 

   Yekunda eyni nəticəni əldə etmiş olacaqsınız. Onu da qeyd edim ki, peşəkarlıq baxımından proqramları fayllarda yazıb yadda saxlamaq və icra etmək daha yaxşı üsuldur. Python dilində yazılmış proqram fayllarına skript deyilir və genişləmələri .py və ya .pyw olur.

   İndi isə gəlin bu sadə proqramı bir az incələyək. Daha öncə də qeyd etdiyim kimi, biz proqramları yazmaq üçün seçmiş olduğumuz proqramlaşdırma dilinin (indiki halda Python) əmrlərindən istifadə etməliyik. Bu kiçik və sadə proqramda da biz ekrana məlumat çıxarmaq üçün Python dilinin print əmrindən istifadə etdik. Nəzərinizə çatdırım ki, Python dilinin əvvəlki versiyalarında print əmrində mötərizələrdən istifadə olunmurdu, lakin yeni versiyalarda bu zəruridir. 

   Mötərizələr daxilində isə ekrana çıxarmaq istədiyimiz məlumatı dırnaqlar içərisində yazdıq. Bunu ona görə etdik ki, ekrana çıxan (Salam Azərbaycan!) məlumat sətir tipindədir, sətir tipli məlumatlar isə mütləq dırnaq içərisində yazılmalıdır. Gələcəkdə biz bu haqda daha ətraflı danışacağıq. Hələlik isə bu qədər. Artıq Sizi təbrik etmək olar. Siz ilk proqramınızı yazdınız 🙂