Operator və operandlar

İndi isə gəlin bir az da operatorlar haqqında danışaq. Operatorlar, müəyyən əməliyyatları həyata keçirən konstruksiyalardır. Bu konstruksiyalar xüsusi simvol və ya simvollar ardıcıllığından ibarətdir. Hər bir operator bir və ya bir neçə operand üzərində əməliyyat aparır.

Məsələn sadə toplama proqramını nəzərdən keçirək:

>>> a = 15
>>> b = 20
>>> c = a + b
>>> print(c)
35
>>>

  Burada c = a + b ifadəsində + simvolu toplama əməlini həyata keçirən cəm operatorudur. Bu ifadədə yer alan ab dəyişənləri isə operandlardır. Qeyd etmək lazımdır ki, operand kimi həm qiymətlər, həm də dəyişənlər istifadə edilə bilər.

  Python proqramlaşdırma dilində operatorlar aşağıdakı kimi sinifləndirilir:

  • Hesab operatorları
  • Müqayisə operatorları
  • Mənimsətmə operatorları
  • Məntiq operatorları
  • Bit operatorları
  • Üzvlük operatorları
  • İdentiklik operatorları

  Biz növbəti dərslərimizdə yeri gəldikcə bu operatorları daha yaxından incələyəcəyik. Burada qeyd edim ki, bu kitabın məqsədi sadədən mürəkkəbə doğru öyrətmək olduğuna görə, Python dilinin yuxarıda təsnif edilən operatorları ardıcıl şəkildə ələ alınmayacaq.

Mənimsətmə operatoru

Əvvəlki dərslərimizdə biz mənimsətmə operatorundan (=) istifadə etmişdik. Mənimsətmə operatoruna bəzən mənsubetmə operatoru da deyilir. Bu dərsimizdə mənimsətmə operatoru haqda daha çox şey öyrənəcəyik.

Gəlin aşağıdakı misalları nəzərdən keçirək:

>>> s1 = "Azərbaycan"
>>> s2 = "Bakı"
>>> n1 = 86.6
>>> n2 = 9600000
>>> print(s1)
Azərbaycan
>>> print(s2)
Bakı
>>> print(n1)
86.6
>>> print(n2)
9600000
>>>

   Biz burada dörd dəyişəndən (s1, s2, n1, n2) istifadə etdik. Burada mənimsətmə operatoru olan bərabər (=) simvolunun solunda və sağında operandlar yer alır. İndiki halda soldakı operandlar dəyişənlər, sağdakılar isə qiymətlər rolunda çıxış edir. Məsələn s1= “Azərbaycan” ifadəsində s1 operandı dəyişəndir, “Azərbaycan” operandı isə bu dəyişənə mənimsədilən qiymətdir.

   Misallardan gördüyünüz kimi, s1 s2 dəyişənlərinə mənimsədilən qiymətlər (“Azərbaycan” “Bakı”) dırnaq arasında yazılır, çünki bu məlumatlar sətir tipindədir. Digər iki dəyişənə (n1n2) mənimsədilən qiymətlər (86.69600000) isə ədəd tipində olduqları üçün dırnaq işarələrindən istifadə edilmir. Burada 9600000 qiyməti tam ədəd, 86.6 qiyməti isə həqiqi ədəd tipindədir.

  Qeyd etmək lazımdır ki, əksər proqramlaşdırma dillərində olduğu kimi Python dilində də həqiqi ədədlərdə tam və kəsr hissəni ayıran ayırıcı işarə nöqtə (.) simvoludur.

Keçək növbəti misallara:

>>> a = 10
>>> b = a
>>> print(b)
10
a = "salam"
>>> print(a)
salam
>>> 

  Burada iki dəyişəndən (a b) istifadə edilir. Əvvəlcə biz a dəyişəninə 10 qiymətini mənimsədirik, sonra isə b dəyişəninə a dəyişəninin özünü mənimsədirik. Gördüyünüz kimi bir dəyişənə başqa bir dəyişəni mənimsətmək mümkündür. Bundan sonra b dəyişəninin qiymətini print əmri ilə ekrana çapa veririk. Nəticədən də gördüyünüz kimi bu zaman ekrana a dəyişəninə daha öncədən mənimsədilmiş olan 10 qiyməti çıxır.

Daha sonra biz a dəyişəninə yeni bir qiymət (“salam”) mənimədib ekrana çapa veririk. Gördüyünüz kimi ekrana a dəyişəninin yeni qiyməti çıxır. Və diqqət edin, a dəyişəninə fərqli tipdə olan yeni qiymət mənimsədildiyinə görə a dəyişəni də öz tipini dəyişir. İndiki halda əvvəlcə a dəyişəninin tipi tam ədəd (int), sonra isə sətir (str) tipi olur. Biz irəlidə tipləri daha ətraflı şəkildə nəzərdən keçirəcəyik.

IDLE – işləmə mühiti

Python-un standart komplektinə IDLE adı verilən inteqrallaşdırılmış proqram işləmə (hazırlama) mühiti daxildir. IDLE mühitində Python dilində proqram yazmaq üçün mətn redaktoru və proqramları sazlamaq üçün proqram sazlayıcısı mövcuddur. Bir az daha sadə dillə desək, biz IDLE-da həm proqramları yazırıq, həm də proqram mətnində olan sintaksis səhvləri sazlayıcının köməyi ilə aşkar edib düzəldə bilirik. Bundan sonra isə hazır proqramları IDLE mühitindən icra etmək su içmək qədər asan olur. 

   Python-u kompüterinizə quraşdırdıqdan sonra onu işə salanda qarşınıza IDLE mühitinin proqram pəncərəsi çıxacaq:

   Bu pəncərədə biz Python interpretatorunun əmrlər sətrini görürük. Əmrlər sətrinin ilk sətirlərində Python-un versiyası, quraşdırıldığı platforma haqqında informasiya və digər məlumatlar yer alır. Növbəti sətirdə isə çağırış adlanan  >>>  simvolları gəlir.

   Biz proqram əmrlərini bu üç simvoldan sonra yazıb enter düyməsinə vurmaqla icra edəcəyik. Buna proqramların əmrlər rejimində yazılması deyilir. Başqa bir üsul isə proqramların fayllarda yazılmasıdır. İrəlidə hər iki üsuldan istifadə etməklə Python dilində proqramların yazılmasını Sizə izah edəcəm.

İnstalyasiya

Python-un Windows ƏS-nə quraşdırılması çox asandır. İnstalyasiya faylını (python-3.9.5.exe) yüklədikdən sonra onu icra edin və adi proqram kimi Next düymələrinə vuraraq proqramı kompüterinizə quraşdırın:

Ən sonda Finish düyməsinə vuraraq instalyasiya prosesini yekunlaşdırın. Python-u kompüterinizə quraşdırdıqdan sonra onun ikonunu masa üstünə yerləşdirməyi unutmayın.

Kitabın Mündəricatı

   Python ilə Proqramlaşdırma kitabının materialı çox anlaşıqlıdır. Mövzular sadədən mürəkkəbə doğru sıralanıb və oxucuya addım-addım prinsipi ilə çatdırılır.

Book_15

M Ü N D Ə R İ C A T


Bu Kitab Niyə Yazıldı
Təşəkkürlər
Nəyə Görə Python?

1-ci ADDIM

Gəlin Başlayaq
İnstalyasiya
IDLE – İşləmə Mühiti
İlk Proqram

2-ci ADDIM

Dəyişənlər
Dəyişənlərin Adları
Rezerv Sözlər
input() Funksiyası

3-cü ADDIM

Mənimsətmə Operatoru
Çoxlu Mənimsətmə
Tiplər
Tiplərin Müəyyən Edilməsi
Tip Çevrilmələri

4-cü ADDIM

Şərhlər
İfadələr
Operator və Operandlar
Sadə Riyazi Əməllər
Əməliyyatların Ardıcıllığı
Mürəkkəb İfadələr

5-ci ADDIM

Müqayisə Operatorları
Məntiqi İfadələr və Məntiq Tipi
Məntiq Operatorları
Şərt Operatoru
Çoxlu Budaqlanma
İç-içə Budaqlanma
Natamam Budaqlanma

6-cı ADDIM

Sətirlər
Siyahılar
Kortejlər
Üzvlük Operatorları
Dövr Operatorları
Sayğaclı Dövr
İç-içə dövrlər
Şərtli Dövr
Sonsuz dövrlər

7-ci ADDIM

Ədəd Tipləri
Mənimsətmə Operatorları
Unar Hesab Operatorları
Bit Operatorları
İdentiklik Operatorları
Çoxluq Tipləri
Lüğət Tipi

8-ci ADDIM

Funksiyalar
Funksiya Arqumentləri
Qaytarılan Qiymətlər
Lokal və Qlobal Dəyişənlər
İç-içə Funksiyalar
Qeyri-lokal Dəyişənlər
Rekursiyalar
Funksiyaların Sənədləşdirilməsi
Annotasiyalar
Dekoratorlar
Anonim Funksiyalar
Generatorlar

9-cu ADDIM

Modullar
Modulların Yeri
Adlar Siyahısı
Modulların Hazırlanması
Yenidən Yüklənmə
Modulların Kompilyasiyası
Modulların Skript Kimi İcrası
Paketlər

10-cu ADDIM

Fayllar
Fayl Metodları
Çıxışların Formatlaşdırılması
Formatlaşdırmanın Köhnə Üsulu
Formatlaşdırmanın Yeni Üsulu
str() və repr()
ord() və chr()
Unicode Məsələsi

11-ci ADDIM

Massivlər
Baytlar Ardıcıllığı
Baytlar Massivi
Generator-ifadələr
with operatoru
pass operatoru

12-ci ADDIM

Obyekt Yönümlü Proqramlaşdırma
Siniflər
Obyektlər
Atributlar
__init__() metodu
Sinif və Nümayəndə Dəyişənləri
staticmethod və classmethod
Sinifdən Kənar Elanlar
Varislik
Çoxlu Varislik
Son Olaraq

ƏDƏBİYYAT

Bloqa Xoş Gəlmisiniz

   Müəllifi Kərim Tahiroğlu olan bu kitab Python proqramlaşdırma dili ilə bağlı Azərbaycan dilində nəşr edilmiş ilk ədəbiyyatdır.

Book_09

   Nüfuzlu TIOBE Proqramlaşdırma İcmasının məlumatlarına görə Python hazırda dünya üzrə ilk onluqda yer alan populyar proqramlaşdırma dili sayılır. Python dili 1991-ci ildə Guido van Rossum tərəfindən işlənib hazırlanmışdır. Proqramlaşdırmanın müasir tələblərinə cavab verən bu dil universaldır. Bu gün Google, Intel, CISCO, Hewlett-Packard, Qualcomm, IBM və NASA kimi qurumlar bir çox layihələrini Python dilində işləyib hazırlayırlar. Python dili pulsuz olaraq yayılır. Bu dili öyrənmək asan və əyləncəlidir. Odur ki, Python dili nəinki peşəkar proqramçılar tərəfindən istifadə olunur, eləcə də həvəskarlar, məktəblilər də bu dilin imkanlarından geniş surətdə faydalanırlar. Əgər proqramlaşdırmaya yeni başlayırsınızsa, o zaman Python dili tam Sizə görədir.

   Sizə təqdim edilən bu kitab ali məktəb tələbələri, informatika müəllimləri, orta məktəb şagirdləri və ümumiyyətlə proqramlaşdırmanı öyrənmək istəyən hər kəs üçün nəzərdə tutulmuşdur.

   Bu bloqda isə Sizləri bir-birindən maraqlı məlumtlar, proqramlar və əlbəttə ki, dərslər gözləyir. Kitab və bloqla bağlı öz düşüncələrinizi, təklif və rəylərinizi müəlliflə bölüşə bilərsiniz. Sizə uğurlar 🙂


Aprel 2021 üçün TIOBE İndeksi