Web Proqramlaşdırma Nədir

  Proqramlaşdırmanın müxtəlif sahələri vardır. Bunlardan biri də web-layihələrin işlənməsi üçün nəzərdə tutulan web proqramlaşdırmadır. Hər gün daxil olduğumuz müxtəlif web-saytlar web proqramçılar tərəfindən işlənib hazırlanır.

Internet Concept

   WebsiteHostingRating.com saytının 1 Yanvar 2020-ci il tarixinə olan məlumatına görə dünyada 1,744,517,326 web-sayt vardır. Və bu say günbəgün deyil saatbasaat artır. Təbii ki, web-saytlara qoyulan tələblər də yüksəlir. Əgər əvvəllər istifadəçilərin ehtiyacını bəsit statik saytlar qarşılayırdısa, indi onların yerini daha mürəkkəb dinamik saytlar tutur.

Statik və dinamik saytlar

   Statik saytlar dəyişməyən səhifələrdən ibarətdir. İstifadəçilər öz brauzerlərindən belə saytları tələb etdikdə server hazır HTML-sənəd təqdim edir. Adətən belə saytlar hansısa  şəxsin və ya məhsulun tanıtımı, texniki dokumentasiyanın təqdimatı üçün tərtib olunurlar. Günümüzdə az da olsa statik saytlara rast gəlmək mümkündür.

   Dinamik saytlar isə dəyişən səhifələrdən ibarətdir. Belə səhifələr serverdə hazır şəkildə saxlanmırlar, istifadəçilərin sorğu və tələblərinə uyğun olaraq hər dəfə yenidən tərtib olunurlar. Daha funksional olan dinamik saytlara nümunə kimi internet-mağazalar, elan saytları, forumlar, istifadəçi kontentinə əsaslanan saytları göstərə bilərik.

İstifadə olunan texnologiyalar

   Web proqramlaşdırma skriptlər adlandırılan xüsusi proqram vasitələrinin hazırlanması ilə həyata keçirilir. Bu proqram vasitələri serverkliyent olmaq üzərə iki əsas növə ayrılır. Server skriptləri server tərəfində, yəni saytın yerləşdiyi kompüterdə icra olunur. Bu skriptlərin icrası sayt istifadəçinin kompüterinə yüklənmədən öncə baş verir. Kliyent skriptləri isə sayt yükləndikdən sonra istifadəçinin kompüterində icra olunur. Dinamik saytlarda həm kliyent, həm də server skriptlərindən istifadə olunur.

Web_Development

   Skriptlərin hazırlanması üçün istifadə olunan proqramlaşdırma dilləri də skriptlərin növündən asılı olaraq dəyişir. Bəzi proqramlaşdırma dilləri server skriptləri, bəziləri də kliyent skriptlərinin hazırlanması üçün nəzərdə tutulmuşdur.

   Kliyent dilləri kimi JavaScript, VBScript, SilverLight, Flash və s. kimi dillər istifadə olunur. Bunlara əlavə olaraq JavaScript dilinin freymvork, kitabxana və genişləmələrini (AngularJS, JQuery, jQuery Mobile, Node.js, Bootstrap, TypeScript, AJAX) də göstərmək olar. Server dilləri olaraq da PHP, Perl, Python, Ruby, ASP.NET, Java, Groovy, və JavaScript dilləri istifadə olunur. Server dilləriylə çalışarkən əsas məqamlardan biri də VBİS (Verilənlər Bazasının İdarəetmə Sistemi) ilə bilavasitə qarşılıqlı əlaqənin təmin edilməsidir. Web-layihələrdə ən çox istifadə olunan VBİS-lər kimi MySQL, PostgreSQL, Oracle, SQLiteMicrosoft SQL Server‘i qeyd etmək olar.

Web-Proqramçılar

   Sadə dildə desək web-proqramçı web proqramlaşdırma sahəsində fəaliyyət göstərən mütəxəssisdir. Onun əsas vəzifəsi keyfiyyətli və funksional saytlar hazırlamaqdan ibarətdir. Web-proqramçı həmçinin verilənlərin saxlanması və saytların təhlükəsizliyindən də məsuliyyət daşıyır.

Web-proqramçılar üç tipə bölünürlər:

  1. Front-End Developerlər web-layihələrin istifadəçi tərəfinin işlənməsi ilə məşğul olurlar. Onların işi web-dizaynerlərdən dizayn həllərinin təhvil alınmasıyla başlayır. Front-endçilərin vəzifəsinə saytın maketinin qurulması, interfeys elementlərinin hazırlanması kimi öhdəliklər daxildir.
  2. Back-End Developerlər web-layihələrin server tərəfinin işlənməsi ilə məşğul olurlar. Onların vəzifəsinə saytın ümumi iş prinsipi və məntiqinin işlənib hazırlanması, front-end developerlərin yazdıqları kodun server tərəflə inteqrasiyası, kontentin idarə olunması, saytın təhlükəsizliyin təmin edilməsi kimi öhdəliklər daxildir. Back-endçilər həmçinin front-end və mobil tətbiq developerləri tərəfindən istifadə olunan web xidmətlər və API’lərin hazırlanması ilə də məşğul olurlar.
  3. Full-Stack Developerlər isə həm front-endçilərin, həm də back-endçilərin gördükləri işi yerinə yetirəbilən web-proqramçılardır.

   Son olaraq qeyd etmək lazımdır ki, web proqramlaşdırma daim inkişaf edən sahədir. Və burada rəqabət də olduqca güclüdür. Tələb olunan web-proqramçı olmaq üçün texnoloji yenilikləri izləməli, bilik və bacarıqlarınızı sistemli olaraq yeniləməlisiniz.